Panama kanalının inşaası ilə bağlı maraqlı detalları məlum olub.
Metbuat.az xəbər verir ki, Atlantik və Sakit okeanlarını birləşdirən Panama kanalının tikintisi zamanı nəhəng dağ massivi yarılaraq su yolu üçün keçid yaradılıb. Bu layihə mühəndislik tarixinin ən böyük qazıntı əməliyyatlarından biri hesab olunur. Məlumata görə, kanalın inşasında əsas maneələrdən biri Mərkəzi Amerikada yerləşən Kulebra dağlıq ərazisi olub. Gəmilərin hərəkəti üçün lazımi dərinlik və genişlikdə keçid açmaq məqsədilə ərazidə mərhələli partlayış və qazıntı işləri aparılıb. Bildirilir ki, bu prosesdə buxarla işləyən ekskavatorlardan, dinamitdən və minlərlə işçidən istifadə edilib. Qazıntılar nəticəsində böyük həcmdə qaya və torpaq çıxarılaraq xüsusi dəmir yolu xətləri vasitəsilə tikinti sahəsindən uzaq ərazilərə daşınıb.
Tikinti zamanı qarşıya çıxan əsas çətinliklərdən biri də tropik yağışların səbəb olduğu torpaq sürüşmələri olub. Dağ yamaclarından qopan torpaq və qaya kütlələri qazılmış kanala doğru hərəkət edərək işləri ləngidib. Mühəndislər sürüşmələrin qarşısını almaq üçün yamacları genişləndirməli və dağın yuxarı hissələrindəki artıq torpaq və qayaları kənarlaşdırmalı olublar.