Türk xalq musiqisinin tanınmış nümayəndələrindən olan Tuğrul Şan 78 yaşında yenidən ailə həyatı qurub. Sənətçi Canan Erdaş adlı xanımla nikah masasına əyləşib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi Ordu şəhərində açıq havada təşkil olunub. Mərasimdə ailə üzvləri və yaxınları ilə yanaşı, Ordu valisi Muammer Erol da iştirak edib. Qonaqlar yeni evlənənləri təbrik edərək onlara xoşbəxtlik arzulayıblar.

1948-ci ildə Ordu şəhərində anadan olan Tuğrul Şan musiqi fəaliyyətinə 1970-ci illərdə başlayıb. O, 1970-ci ildə Ankara Radiosunun Çoxsəsli Xorunda fəaliyyətə başlayıb, 1975-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə Türk Xalq Musiqisi şöbəsinə keçib. 1976-cı ildən etibarən solo proqramlarla dinləyicilərin qarşısına çıxıb.

Sənətçi 1993-cü ildə İstanbul Radiosuna təyin olunub və 1997-ci ilədək burada çalışıb. Həmin il təqaüdə çıxan Tuğrul Şan daha sonra arzusunda olduğu musiqi məktəbini açaraq gənclərin musiqi təhsilinə dəstək göstərib.

Türkiyənin müxtəlif bölgələrində, eləcə də ABŞ və Avropanın bir sıra ölkələrində konsertlər verən sənətçi türk xalq musiqisinin tanıdılmasına mühüm töhfələr verib. O, TRT repertuarına da bir sıra musiqi nümunələri qazandırıb.