Azərbaycanda gizli münasibət yaşadığı evli qadını şantaj edən şəxs həbs olunub.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonlardan birində baş verib.
Məlumata görə, məktəbdə direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışan Nigar Səmədova (adlar şərtidir - red.) "TikTok" sosial şəbəkəsində 35 yaşlı Rüstəm Rzayevlə tanış olub. Sonradan onların arasında sevgi münasibətləri yaranıb.
Evli və iki uşaq anası olan Nigar Rüstəmlə görüşməyə başlayıb. Münasibətləri müddətində qadın ona 2 940 manat pul verib. Görüşlərin birində Rüstəm Nigara cinsi əlaqədə olmağı təklif edib. Bundan sonra qadın münasibətlərə son qoymaq qərarına gəlib.
Nigarın ayrılmaq istədiyini bilən Rüstəm isə qadını şantaj etməyə başlayıb. O, aralarındakı münasibəti qadının ərinə, qohumlarına və işlədiyi məktəbin kollektivinə açıqlayacağı ilə hədələyib. Bu yolla Nigardan 4 917 manat tələb edib.
N.Səmədova əvvəlcə Rüstəmdən bu addımı atmamasını xahiş edib və münasibətlərini sakit şəkildə bitirməyi təklif edib. Lakin Rüstəm onun istəyinə məhəl qoymayıb.
Nəticədə R.Rzayev qadından tələb etdiyi 4 917 manatı alıb.
Bu əməlinə görə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və İkinci Qarabağ müharibəsinin veteranı olduğunu bildirib.
Zərərçəkmiş qadın isə hazırda Rüstəmlə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini deyib.
Məhkəmənin hökmü ilə Rüstəm Rzayev dörd il müddətinə azadlıqdan məhrum edilib.