Ermənilər Şuşanın Turşsu qəsəbəsində yenidən məskunlaşdırılır?

Azərbaycanın Milli Ordumuzun birbaşa nəzarətində olmayan torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin tör-töküntüləri Yuxarı Qarabağdakı bəzi digər məntəqələr kimi Şuşa rayonunun Turşsu kəndinə də 44 günlük savaşadək 28 il ərzində orada qanunsuz məskunlaşmış ermənilərin hamısını geri qaytarmaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Sovet dövründəki kimi “Lisaqor” adlandırılan kəndin qanunsuz başçısı Qagik Nasibyanin sözlərinə görə, yaxın 2 ay ərzində müharibə zamanı Turşsudan köçmüş ermənilərin hamısının geri qaytarılması planlaşdırılır. Guya sentyabrın 27-dək Azərbaycanın Şuşa rayonunun bu qəsəbəsində 130-dək erməni sülənib. Halbuki, 1992-ci ilə, yəni Şuşa rayonunun işğalınadək Turşsuda bir nəfər də erməni yaşamayıb. Odur ki, həmin məntəqədə heç bir erməninin yaşamaq hüququ yoxdur. Ermənilərin yenidən qeyri-qanuni məskunlaşması üçün mal-qara paylanılması da nəzərdə tutulur.

Qısa arayış:

Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati ərazi dairəsində qəsəbədir. Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. “Lisoqorsk” (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olub. Yaşayış məntəqəsinə ad burada mövcud olan narzan tipli mineral su bulaqlarına görə verilib.

XX əsrin əvvəllərində ruslar tərəfindən məskunlaşan Yelizavetpol quberniyasının Şuşa qəzasının Lısoqor (rus. Лысaгоръ, tərcüməsi: Keçəl dağ) kəndi kimi əsası qoyulub. Qafqaz təqviminin məlumatına əsasən 1914-cü ildə kənddə 36 nəfər, əsasən ruslar məskunlaşıb.

Ancaq 1918-1920-ci illərdən bəri Turşsuda əsasən Azərbaycan türkləri yaşayıb. Bəzi məlumatlara görə, 1992-ci ilədək qəsəbədə 2 min nəfərdən çox azərbaycanlı olub.

Turşsu qəsəbəsi Qarabağ müharibəsi başlayandan döyüş zonasına çevrilib. Ermənilər kəndə bir neçə dəfə hücum etsələr də, kəndi tuta bilməyiblər. 1992-ci ilin mayın 15-də Azərbaycan ordusunun bölmələrinə qəsəbəni tərk etmək əmr edilib. Nəticədə ermənilər qəsəbəni asanlıqla işğal ediblər.(Moderator.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR