Əliyevin təklifi tərəfləri bir araya gətirir:

Xəbər verdiyimiz kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq iyulun yeddisində, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

Bəs Qarabağ iqtisadi rayonunun yaradılması ilə bölgədə hansı iqtisadi, siyasi inkişafa təkan olacaqdır?

Mövzu barədə suallara cavab verən, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Metbuat.az-a özəl olaraq bildirdi ki, fərmanın imzalanması ilə artıq Dağlıq Qarabağ sözü rəsmən dəfn edildi.


"Birincisi, Prezident Qarabağa siyasi və inzibati olaraq vahid yanaşır. Artıq Qarabağa dair istənilən rəsmi qərarımız Ermənistana mütləq təsir edəcək. Üçüncüsü, Ermənistanın artıq Qarabağa xərcləyəcək maddi vəsaiti qalmayıb. Dördüncüsü, fərman məhz bu gün Paşinyanın Moskvada olduğu zamanda imzalandı. Bu da Putinin Paşinyan üzərindəki təzyiqini artıracaq mühüm amillərdən biridir. Beşincisi, 10 noyabr, 11 yanvar razılaşmasının yerinə yetirilməsininin əsas qarantı Putin olsa da, fərman onu göstərdi ki, Azərbaycanın Qarabağa dair qərarları işləmədiyi təqdirdə proses işləməz, yəni Rusiya nüfuzdan düşər".

Politoloq deyir ki, əgər bölgədə açılım baş verməsə, Ermənistanın həssas iqtisadiyyatı Rusiya üzərində yük olmağa davam edəcəkdir.

"Burada növbəti məsələ də odur ki, Prezident Əliyevin təklif etdiyi 3+3 formatı o qədər dəstək görüb ki, Putin formatda yer alan Tiflisə görə belə narazılıq etməyi düşünmür. Ermənilər əllərində qalan az bir ərazidə dövlət qura bilməzdilər, onsuzda dünyada belə bir nümunə yoxdur. Əgər olsaydı, işğal dönəmində qondarma rejimin müstəqilliyini birinci İrəvan qəbul etməli idi. Ən sonuncu amil də odur ki, Azərbaycan üçün artıq Qarabağ ilə yanaşı yeni daxili məsələ, konkret qoyuldu. Bu Şərqi Zəngəzurla bağlıdır".

Əziz Əlibəyli qeyd etdi ki, STM-in Ermənistanda keçirilən növbədənkənar seçkilər ilə bağlı bugünkü sorğusunun nəticələrindən də bəlli olduğu kimi, erməni respondentlərin 37.4 faizi Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəyir. Hər beş nəfərdən biri isə, sualı cavablandırmaqda çətinlik çəkib. Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri ilə razılaşanların sayı isə 60.9 faizə bərabərdir. Hər dörd nəfərdən biri, təqribən 25.4 faiz isə düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR