[ 29 May 2015 12:50 ]
Bakı. Cavid Zeynallı – APA. “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş “Əsrlərin yaddaşı” layihəsinin icrasını başa vurub.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin məqsədi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir.
Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinyət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr təsvir ediləcək.
“Əsrlərin yaddaşı” promovideosunun təqdimatı iyunun 4-də Muğam Klubunda keçiriləcək.