"Neftçi" Avstraliya millisinin hücumçusunu transfer edir

"Neftçi" Avstraliya millisinin futbolçusu Nikita Rukavitsa ilə danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, təcrübəli forvard "ağ-qaralar"ın maraq dairəsindədir. Nikita Rukavitsaya yaxın mənbənin sözlərinə görə, futbolçu yaxın günlərdə yekun qərarını açıqlayacaq.

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 34 yaşlı hücumçu ilə müzakirələr davam edir: "Bəli, belə bir variant var. Danışıqlar gedir, lakin hələ konkretləşməyib".

Qeyd edək ki, Nikita Rukavitsa karyerası ərzində Avstraliyanın "Pert Qlori", "Vestern", Niderlandın "Tvente", Belçikanın "Roselar", Almaniyanın "Herta", "Maynts 05", "Frankfurt", İsrailin "Beytar" və "Makkabi" (Hayfa) klublarında çıxış edib. Son olaraq "Makkabi" forması geyinən futbolçu 2020/21 mövsümünün sonunda komandadan ayrılıb.

Karyerası ərzində 354 rəsmi oyuna çıxan 34 yaşlı forvard 110 qol vurub və 41 məhsuldar ötürmə edib. Nikita Rukavitsa 2010-cu ildə "Tvente" ilə Niderland Erediviziyasının, 2011-ci ildə "Herta" ilə II Bundesliqanın, son mövsümdə isə "Makkabi" ilə İsrail Premyer Liqasının qalibi olub. O, həmçinin 2019/20 (22 qol) və 2020/21 (19 qol) mövsümlərində İsrail çempionatının bombardiri adını qazanıb.

Avstraliyanın U-20 və U-21 yımalarında forma geyinmiş Nikita Rukavitsa 2009-cu ildən çağırıldığı A millidə 20 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR