Erməni kimliyinin gizli qalan gerçəyi -

Əsrlər boyu erməni işğalçılarının torpaqlarımıza dikilmiş gözləri, heç zaman bitməyən tamahları, birbaşa və ya dolayısı ilə türkün qanını tökmək niyyətləri bitmir ki, bitmir... Birinci Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. Eynilə Ağdaban, Qaradağlı qətliamları kimi.

Qısa haşiyə:

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Ağdaban kəndi rayonun Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara qaçdı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qaldı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər.

Xocavənd rayonunun ən qədim yaşayış məntəqələrindən biri olan Qaradağlı kəndi rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. Azərbaycanlılara qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını da həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu, kənddə olan 118 nəfər isə əsir götürüldü. Əsir götürülənlərdən 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələyən ermənilər, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtüblər. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin insanlığa zidd təfəkküründən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.

Belə qanlı qətliamlardan biri də dəhşətli Başlıbel faciəsidir. Başlıbel Kəlbəcər rayonunun eyniadlı çayın sahilində yerləşən ucqar və ən böyük dağ kəndlərindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanıb. Birinci Qarabağ müharibəsi zamanı Laçın rayonunun işğalından sonra Kəlbəcərin də mühasirə ehtimalları yarandı. 1992-ci ilin aprelin 6-dan 7-nə keçən gecə Ağdaban kəndinin yandırılması, 30-dan artıq dinc insanın qətlə yetirilməsi onu göstərirdi ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində hücumları bir qədər intensivləşəcək. Belə də oldu. Heç kim inanmırdı ki, Kəlbəcər işğal oluna bilər. Ancaq bu oldu və Kəlbəcər rayonu 1993-cü ildə işğal edildi. Vandal erməni hərbi birləşmələrinin vəhşiliyinə məruz qalan Başlıbel kəndində baş verənlər dəhşətli hadisələr də həmin tarixə təsadüf edir.

Günahsız Başlıbellilərin acnacaqlı günləri...

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Kənd sakinlərindən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Lakin onlar cəmi 18 gün gizlənə bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yerləri tapıb onların üzərinə silahlı hücuma keçdilər. Kənddən bir qədər yuxarıda yerləşən kahalara sığınan sakinlərə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər isə qətlə yetirildi. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib. O, bugünədək itkin sayılır və barəsində hər hansı məlumat yoxdur. Vəhşi, barbar ermənilər Başlıbel kəndini işğal edərkən hər zamankı kimi qəddarlıqlarından əl çəkməyiblər. II Dünya Müharibəsi iştirakçısı olan kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıblar. Ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər.

Bu kənd məğrur övladlarının sayəsində mühasirədə qalan köməksiz uşaq, qoca və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, Vətən sevgisi sonadək mübarizə aparmaları millətimizin əzimkarlıq ruhunun bariz nümunəsdir!

Başlıbel faciəsinin şahidlərinin dediklərindən:

İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrində:

“Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Durbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd "ZİL-131", 1 ədəd "QAZ-66", 1 ədəd "UAZ" vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər. Demişdilər ki, “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar”.

Digər faciə şahidi Elşad Əzizovun dedikləri:

“Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”.

Qarabağ döyüşlərində tankçı olan Ağdam sakini Məzahir Abbasquliyev hadisəni belə xatırlayır: “İki ayağı olmayan, iki çəliklə yeriyən Hüseyn kişini Mədəniyyət evində yandırmışdılar. Körpə uşaqların və qadınların əzabları gözümüzün qarşısında olub. Görən olmasın deyə, gecə yol gəlirdik. Körpülərin hamısında erməni postları olduğu üçün məcburən çaydan keçməli idik. 4-5 nəfər qol-qola tutaraq çaydan keçdik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik”.

Ermənilərn etdiyi "ermənilik" cavabsız qalmayacaq!

Təəssüflə qeyd edə bilərik ki, işğalçı Ermənistan beynəlxalq miqyasda hələ də bu cinayyətlərinə görə cavab verməyib. Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib. Öz doğma yurd-yuvasını tərk etməyən, bu qədər müddət ərzində kahalara sığınmış dinc sakinlərin günahı nə idi axı?! Mühasirəyə düşüb köməksiz vəziyyətdə qalan Başlıbel kənd sakinlərinin dörd aya yaxın müddətdə acnacaqlı günlər yaşadanlar bu gün onlara, bizlərə cavab verməlidir!

Xatırladım ki, təcаvüzkаr mühаribəni plаnlаşdırmа, hаzırlаmа, bаşlаmа və yа аpаrmа bеynəlхаlq hüququn prinsipləri ilə təsbit оlunmuş sülhün, хаlqlаr və dövlətlər аrаsındа dinc yаnаşı yаşаmаnın və əməkdаşlığın əlеyhinə yönəldiyi üçün bеlə əməllərin törədilməsi bеynəlхаlq hüquq nоrmаlаrı ilə məsuliyyətə səbəb оlur. Vaxtilə Ermənistan Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirib. Beynəlxalq humanitar hüquqda isə mülki şəxslərə müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il avqustun 12-də Cenevrə Konvensiyası qəbul edilib. Həmin konvensiyada mülki əhalinin hüquqları təsbit olunub. Yəni mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir. Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük haqq savaşımızda Azərbaycan Ordusu Ermənistan siahlı qüvvələrini məğlub etdi, işğala və bu cür zülmlərə son qoydu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. İndi biz Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi yönündə diplomatiya ilə paralel, öz vətəndaşlıq mövqeymizi də əsirgəməməliyik. Bütün beynəlxalq platformalarda ermənilər tərəfindən azərbaycanlıarın başına gətirilən bu qırğınları tanıtmalı və haqq səsimizi dünyaya yaymalıyıq. İşıqlı Azərbyacan torpaqlarının sabahı “işğalçı ermənilərsiz” açılmamaq ümidi ilə..

Sonda dahi şarimiz Bəxtiyar Vahabzadənin dili ilə desək:

Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR