Ərdoğan Rusiyadan Qarabağla bağlı hansı mesajı verəcək? -

"Türkiyə-Rusiya münasibətləri son illərdə dünyanın müxtəlif bölgələrində regional problemlərin həllində müsbət rol oynadı, bu regionlara Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz regionlarını nümunə göstərə bilərik. Rusiya və Türkiyənin Suriya, Liviya, Qarabağ mövzuları ətrafında əməkdaşlığı bu ölkələrin yerləşdiyi regionlarda sülh üçün zəmin rolunu oynayır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacıyeva edib. Müsahibimiz deyir ki, Rusiya və Türkiyə prezidentləri müzakirə edəcək mövzular haqqında ilkin olaraq gündəlik Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirəsi ətrafında formalaşacağı haqqında məlumatlar olsa da, fikirimcə gündəlikdə başqa mövzularla da olacaq.


"Öncəliklə əlbəttə iki ölkə arası tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi baş tutacaq. Danışıqların əsas hissəsi isə təhlükəsizlik mövzularını əhatə edəcək və burda əsas mövzu tərəflərin Suriyadakı İdlib deskalasiya zonasında terror qrupları ilə mübarizə öhdəliyi barədə olacaqdır. Xatırladım ki, Rusiya və Türkiyə 2017-ci ildən etibarən ikitərəfli münasibətlərdə Suriyanın İdlib vilayətində yaşanan humanitar fəlakətin qarşısının alınması, bölgənin terror qruplarından təmizlənməsi mövzusunda danışıqlar apardılar və 2018-ci ildə Soçidə Türkiyə və Rusiya liderləri İdlib razılaşmasını imzaladılar. Bununla da bölgədə sabitliyə nail olundu. İdlib məsələsi Türkiyə-Rusiya münasibətlərində ən vacib mövzudur və Rusiya son həftələrdə razılaşmanı pozdu. Bununla da Türkiyənin sərhədlərində terror koridorunun aktivləşməsi üçün əsaslar yenidən aktivləşdi".

Politoloq qeyd etdi ki, İdlib mövzusu Ərdoğan və Putin görüşündə müzakirə olunacaq ən vacib mövcudur. Diğər vacib mövzulardan biri Liviya və Əfqanstan mövzusudur.

"Onu qeyd edim ki, iki ölkə rəhbərlərinin 2019-cu ildə Berlində Liviya ətrafında razılaşması ilə üsyankar general Xəlifə Xaftar, BMT-nin vasitəçiliyi ilə qurulan keçid hökumətini tanımağa məcbur edilmişdi, amma son aylar Xaftar dirəniş göstərməyə başlayıb. Bildirim ki, əlbəttə Azərbayan olaraq bizə daha çox iki ölkə rəhbərinin Qarabağa dair müzakirələri və bunun ümumi prosesə töhfəsi maraqlıdır. Türkiyə və Rusiya rəhbərlərinin son bir ildə ən çox müzakirə etdiyi mövzulardan biri də Qarabağdır. 44 günlük Vətən müharibəsindən sonra 3 tərəfli razılaşmanın ilə Qarabağda təhlükəsizliyə nəzarət üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi quruldu. Türkiyə və Rusiya prezidentlərinin görüşündə də mərkəzin bir illik fəaliyyəti ilə bağlı fikir mübadiləsi baş tutacaq".

Yeganə Hacıyeva onu da vurğuladı ki, təhlükəsizlik mövzularından vacibi heç şübhəsiz Ankara və Moskvanın "S-400"ə dair əməkdaşlığıdır. Məhz bu əməkdaşlıq üzərindən ABŞ Türkiyəyə sanksiyalar tətbiq edir. ABŞ və NATO-nun bütün təzyiqlərinə baxmayaraq Türkiyə "S-400"-lərin ikinci partiyasının tədarükündə israrlıdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR