Göyçayda Vətən müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun anım günü keçirilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Vidadi Xəlilovun şəhid olmasından 6 il ötür.
İlk öncə tədbir Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olunub, ruhuna dualar oxunub. Daha sonra şəhidin adına ehsan süfrəsi açılıb. Keçirilən tədbirdə şəhid V.Xəlilovun döyüş yolundan bəhs olunub, vətənpərvər mahnılar səsləndirilib. Qeyd olunub ki, Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. Şəhidimiz ailəli idi və onun 2 övladı bizlərə əmanət qalıb. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. O, 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (“motoatıcı” ixtisası) təhsil alıb. 2009-cu ildə Çində Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirən 3 azərbaycanlı zabitdən biri olub. Polkovnik-leytenant oktyabrın 30-da Laçın döyüşləri zamanı Laçın dəhlizində şəhid olub. O, Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Həmçinin şəhidin adına Göyçay şəhərində küçə də verilib.
Xatırladaq ki, Vidadi Xəlilov Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətlərində döyüşüb və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, “Azərbaycan Bayrağı” ordeni və digər medallarla təltif olunub.