Saxara səhrasında aşkarlanan çəhrayı rəngli sirli meteoritin Mars planetinə aid olduğu təsdiqlənib.
Metbuat.az xəbər verir ki, təxminən 4,1 milyard il yaşı olan bu nadir nümunə Marsın qədim qabıq quruluşu və su tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mali ərazisindəki duz düzənliyində 2022-ci ildə tapılan və aşkarlandığı ərazinin adı ilə “Teghaza 001” adlandırılan meteoritin çəkisi təxminən 1 kiloqramdır.
NASA-nın Mars missiyaları zamanı əldə etdiyi məlumatlarla meteoritin kimyəvi və mineral tərkibinin müqayisəsi nəticəsində onun Mars mənşəli olduğu müəyyən edilib. Beləliklə, dünyada indiyədək məlum olan təxminən 435 Mars meteoritindən biri kimi qeydə alınıb.
Yaşının müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar isə nümunənin təxminən 4,1 milyard il əvvəl formalaşdığını göstərib. Bu, onu Yer kürəsində aşkar edilmiş ən qədim üç Mars meteoritindən birinə çevirir.
Marsın qədim su tarixini öyrənməyə kömək edəcək. Alimlər meteoritin dırnaq ölçüsündə olan kiçik bir parçasını xüsusi tarixləndirmə üsulu ilə araşdırıblar.
Tərkibində sirkon kristalları olan vulkanik minerallardan ibarət nümunənin Marsın cənub yüksəkliklərindəki süxurlarla uyğunluq təşkil etdiyi müəyyən edilib.
Təhlillər göstərib ki, süxur təxminən 4,1 milyard il əvvəl Mars səthində suyun təsirinə məruz qalıb. Bu nəticə planetin ilkin dövrlərdə düşünüldüyündən daha fəal su dövranına malik ola biləcəyini göstərir.
Tədqiqatçılar nadir meteorit nümunəsini Marsın itirilmiş tarixinin araşdırılmasına kömək edə biləcək “Rozetta daşı” ilə müqayisə edirlər.