Mən 2008-ci ildə dünyaya gəlmişəm. Uşaqlıq illərimdə tez-tez “müharibə”, “işğal”, “məcburi köçkün” kimi sözlər eşidirdim. O zaman bu sözlərin arxasında hansı ağrıların gizləndiyini, neçə taleyin yarımçıq qaldığını, neçə ocağın həsrətə qərq olduğunu tam anlamırdım. Məktəbə başladıqdan sonra tariximizin səhifələrində rast gəldiyim hadisələr məni daha çox düşündürməyə başladı. Öyrəndim ki, torpaqlarımız işğal olunub, bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşüb. Yaşım az olsa da, bu həqiqətlər qəlbimdə Vətən ağrısına çevrilirdi. Tariximizi oxuduqca qəlbimdə bir inam daha da möhkəmlənirdi: xalqımız doğma torpaqlarının həsrəti ilə yaşamağa davam etməyəcək, sakinlər bir gün mütləq öz yurduna qayıdacaq.

2020-ci ildə isə on iki yaşım vardı. Vətən müharibəsi başlayanda ölkəmizi bürüyən ruh yüksəkliyini, insanların qəlbində baş qaldıran ümid və qətiyyəti sözlə ifadə etmək çətindir. İllərlə ürəklərdə yığılıb qalan həsrət, nisgil və ümid sanki vahid bir iradəyə çevrilmişdi. Mən tarixin kitab səhifələrindən çıxaraq gözlərimiz önündə yazıldığına şahidlik edirdim. “Qarabağ” adlı qəhrəmanlıq dastanı yazılırdı. Bu tarixi salnamənin hər səhifəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi əks olunurdu. Ordumuz irəlilədikcə qələbəyə inamımız artır, hər azad edilən torpaq parçası bizi gözlədiyimiz günə bir addım da yaxınlaşdırırdı. Mən o günlərdə anladım ki, Vətən sevgisi cəbhədən gələcək xoş xəbəri intizarla gözləməkdə, tanımadığın bir əsgərin uğuruna doğman kimi sevinməkdə, milyonlarla insanla eyni anda eyni hissi yaşamaqdadır.

Azərbaycan bayrağının həsrətində olduğumuz, adımızın və tariximizin ayrılmaz parçası olan Şuşada pərvazlanması sevincimizi ürəklərə sığmaz etdi. İnsanlar bir-birini tanımasa da, eyni qələbənin sevincini bölüşür, uzun zaman ürəklərində daşıdıqları həsrəti göz yaşları və təbəssümlərlə geridə qoyurdular. Sanki illərlə nisgilimizi dinləyən Şuşa dağları da qələbə nəğməsi söyləyir, azadlığın nəfəsi Qarabağın hər daşına, hər cığırına yayılırdı. O an Şuşadan gələn xəbər bir şəhərin azadlığından daha böyük məna daşıyırdı: xalq öz yaddaşına, tarixinə və qəlbində yaşatdığı ümidinə qovuşurdu.

Şəhidlərimizin yarımçıq qalan arzuları, ailələrinin qəlbində daşıdıqları ağrı bizə qələbənin hansı qiymətə başa gəldiyini xatırladır. Şuşada dalğalanan bayrağımıza baxanda anlayıram ki, Qarabağın azadlığının hər qarışında Vətənə sədaqətin, igidliyin və fədakarlığın izi var.

Bəs bu Zəfərin arxasında hansı tarixi yol dayanır? Tariximizi öyrəndikcə bildim ki, böyük qələbələr bir gündə yaranmır. Onların arxasında illərlə davam edən dövlət quruculuğu, güclənən ordu, qətiyyətli siyasi iradə və xalqın sarsılmaz inamı dayanır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin artırılması, Ordumuzun gücləndirilməsi və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi Zəfərin təməlini formalaşdırırdı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və diplomatik səyləri, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi 44 günlük Vətən müharibəsində tarixi qələbəmizi gerçəkləşdirdi. O zaman dərk etdim ki, Şuşada qanadlanan bayrağımızın arxasında illərin zəhməti, böyük bir xalqın inamı və Vətən sevgisi dayanır.

Azərbaycanın aran rayonunda böyüyən bir gənc kimi Qarabağ həsrətinin nə demək olduğunu əvvəlcə böyüklərimizin söhbətlərindən, məktəbdə öyrəndiklərimdən və tariximizin yaddaşında yaşayan hadisələrdən anlamışam. Qarabağda doğulmasam da, Zəfərin sevincinin hər bir azərbaycanlının qəlbində yaşandığını hiss etmişəm. Doğma yurduna qovuşan insanların sevincini, şəhid ailələrinin qürurla qarışıq kədərini, əsgərimizin uğuruna sevinən milyonlarla insanın duyğularını düşündükcə Vətənimizin hamımızı birləşdirən ən böyük dəyər olduğunu görürəm.

Bir vaxtlar mənə müharibə, işğal və məcburi köçkünlük haqqında danışırdılar. İndi isə mən Zəfərdən, Qarabağın dirçəlişindən və gələcəkdən danışıram. Bu dəyişiklik bütöv bir xalqın taleyində baş verən tarixi dönüşün ifadəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər bizə dövlətimizin gücünü, birliyimizin əhəmiyyətini göstərdi. Biz gənclər bu tarixi yaddaşımızda yaşatmalı, Zəfərin dəyərini qorumalı, bilik və zəhmətimizlə Azərbaycanın güclənməsinə töhfə verməliyik. Bu gün qarşımızda bir amal var: güclü Azərbaycan naminə daim həmrəy olmaq, dövlətimizi qorumaq! Bu Zəfər gələcəyə aparan yolumuzun mənəvi dayağıdır. Qarabağda ucalan hər yeni bina, açılan hər məktəb, doğma yurduna qayıdan hər ailə bizə xatırladır ki, xalqın birliyi və dövlətin gücü sayəsində ən böyük arzular belə gerçək olur.

Şəms Məmmədli
Azərbaycan Dillər Universitetinin tələbəsi