Ölkəmizi beynəlxalq müsabiqələrdə uğurla təmsil edən istedadlı rəssam

Həlimə Ələsgərova - tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, beynəlxalq art müsabiqələrin laureatı və mükafatçısıdır. Onun əsərləri Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, Avstriya, Türkiyə, Koreya və digər ölkələrdə sərgilənərək böyük rəğbətlə qarşılanıb.

Uşaqlıqdan rəsmlə məşğul olmağa başlayan istedadlı rəssam Həlimə Ələsgərova, ilk uğurunu artıq 10 yaşında olarkən qazanıb. Nüfuzlu UNICEF qurumunun təşkil etdiyi rəsm müsabiqəsində layiqincə iştirak edən rəssam hər kəsdən fərqlənməyi bacarıb. Onun çəkdiyi əsər münsiflər heyəti tərəfindən bəyənilərək beynəlxalq kataloqa daxil edilib. Məhz bu xoş, yaddaqalan hadisə Həlimə Ələsgərovaya böyük stimul verir və onu daha böyük nailiyyətlərə səsləyir.

Uğurlu rəssam olacağına inanan Həlimə Ələsgərova dəfələrlə həm respublika, həm də beynəlxalq miqyaslı müxtəlif sərgi və müsabiqələrdə iştirak edərək yüksək nəticələr qazanır. Bir neçə il əvvəl peşəkar rəssamın adı milli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edildi. Əsərlərindən biri isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Nyu Yorkdaki qərargahında saxlanılır. Bu yaxınlarda isə rəssamlıq sənəti sahəsində qazandığı uğurlara və yüksək nəticələrə görə "Reputation Inc." şirkətinin təşkilatçılığı ilə Four Seasons Baku otelində keçirilən beynəlxalq "Golden Palm Awards" layihəsində "The Well Known Painter of The Year" nominasiyası üzrə qalib olaraq mükafatla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR