Paşinyanın Putindən istədikləri BƏLLİ OLDU:

Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya dəvət edilib. Bəs Kreml sahibi Vladimir Putin Paşinyana nələri izah edəcək?

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək.


"Paşinyan əsirlərin (diversantların) geri qaytarılmasını, Ermənistan ərazilərinə "daxil olan" Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusuyla bağlı Minsk Qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk Qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycana və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır. Kreml sözdə Azərbaycan və Türkiyəni tərəfdaş adlandırsa da, hər iki dövlətin Cənubi Qafqazda hərbi mövqelərinin möhkəmlənməsini istəmir".

Politoloq deyir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır. Kreml bununla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib.

"Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq. Paşinyandan sonra böyük ehtimalla Moskvaya Azərbaycan prezidenti İlham Əliyev dəvət ediləcək və onun da Kremlin təklifinə münasibəti öyrəniləcək. Rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər. Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər".

Gülbəniz Hüseyli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR