Qeyri-iş günlərində ödəniş terminallarının fəaliyyətində niyə problemlər yaranır? -

Demək olar ki, hər birimizin qarşısına xarab, sistem xətası və bu kimi problemlər səbəbindən çalışmayan bankomatlar, terminallar çıxıb. Daha çox da belə problemlər həftəsonları yarandığı üçün nəticədə insanların vaxt itkisinə, stresə düşməsinə səbəb olur.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə edilən şikayətlərdə vətəndaşlar bildirirlər ki, şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən terminalların çalışmaması səbəbindən onlar çətin vəziyyətə düşürlər. Müraciətlərin əksəriyyətində terminalların işləməsində olan problemlərin əsasən şənbə və bazar günlərinə təsadüf etdiyi qeyd olunur. Bu dəfə belə bir şikayət redaksiyamıza Xırdalan rayonu ərazisində fəaliyyət göstərən “eManat” və “E-pay” ödəmə terminallarından daxil olub. Belə ki, eyni vaxt ərzində müxtəlif ərazilərdə yerləşən terminalların heç birində sistem ödəniş üçün yararlı vəziyyətdə olmayıb.

Problem ilə əlaqədar "Expressbank"dan Metbuat.az-a bildirdilər ki, həftəsonları Xırdalan rayon ərazisində "Araz market" və "Bizim market" daxilində quraşdırılan “E-pay” terminallarının fəaliyyət göstərməməsinə səbəb inkasasiya prosesinin aparılmaması olub. Bankdan onu da qeyd etdilər ki, bu kimi problemlərin olması demək olar ki, əksər terminallarda müşahidə edilir. Bəzən kiçik bir internet kəsintisi belə sistemin dayanmasına səbəb ola bilər.


Nasazlıq aşkar edilən digər terminal “eManat”ın aid olduğu şirkətdən Metbuat.az-a edilən açıqlamada məsələnin araşdırıldığı və hal-hazırda terminalların normal fəaliyyət göstərildiyi bildirildi. Bu kimi problemlərin yaranma səbəbinə gəldikdə isə bildirildi ki, bəzən əskinasların düzgün şəkildə terminala əlavə edilməməsi nəticəsində də sistemdə donmalar yaranır. Şirkətdən o da qeyd olundu ki, işçi sayı çox olsa da bəzən sistemdə hansı bankomatda problemin aşkar olunduğu görünmədiyi üçün məsələnin həlli gecikə bilir. Belə olan halda vətəndaşlar qaynar xəttə müraciət edib, problemin tez bir zamanda çözülməsinə kömək etmiş olarlar.

Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Günay Hüseynova Metbuat.az-a açıqlamasında bildirdi ki, müasir ödəniş sistemi köşkləri kommunal və rabitə xidmətinin ödənişindən tutmuş avabiletlərin alınmasına qədər bir çox xidmət növünü əl çatan edən vasitələr olsa da bəzən nasazlığın yaranması baş verir. Bəzən yalnız vətəndaşların müraciəti əsasında qurğulara texniki baxış keçirilir və bu da bir sıra problemlərlə yanaşı əhalinin haqlı narazılığına səbəb olub.

Günay Hüseynova deyir ki, digər tərəfdən isə həmin xidməti icra edən qurumun yetərli qədər texniki vasitəsi, aparatı olmalıdır ki, hər hansı bir məkandakı aparatda problem olduqda yenisi ilə əvəz oluna bilinsin. Problemin həllində isə daha bir alternativ yol var.


“Yaxşı olardı ki, problem olan zaman, vətəndaşlar onlayn ödəniş vasitələrindən yararlanaraq, şəxsi ödənişlərini etsinlər. Burada da bir neçə problem müşahidə edilə bilər. Ola bilsin ki, onlayn ödəniş sistemlərindən istifadə zamanı, vətəndaşın bank kartı olmasın. Elə yaşlı insanlar var ki, bank kartı var ancaq onlayn xidmətdən istifadə edə bilmirlər. Odur ki, bütün hallarda problemin minimum olması üçün ödəniş terminallarının fəaliyyəti nəzarətdə olmalıdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR