Sosial medianın yaratdığı perfeksionizm və onun gözəllik anlayışına təsiri

20-ci əsrin sonlarından etibarən texnologiyada baş verən inkişafların gündəlik həyat tərzimizə də gətirdiyi dəyişikliklər artıq yetərincə müzakirə olunmuş və hər kəs tərəfindən bilinən bir mövzu halına gəlmişdir. Texnologiya və gündəlik həyat fəaliyyətimiz arasındakı o möhkəm bağlar haqqında danışarkən yeni medianı xüsusi olaraq qeyd etməmək haqsızlıq olardı.

Bəs hər gün gücü daha da artan virtual dünyanın bir parçası olan bizlər bundan necə təsirlənirik? “Yox, mən “Instagram” filan istifadə etmirəm” deyə içinizi rahatlatmağa çalışa bilərsiniz. Təəssüf ki, dəyərli oxucu, sizə pis bir xəbərimiz olacaq: “WhatsApp” da bir sosial media platforması kimi qəbul edilir. Gözünüzün önündən saatlar sərf etdiyiniz mesajlar, durmadan izlədiyiniz və hətta, bəzən insanlar arasında münaqişələrə, incikliklərə belə səbəb olan statuslar, profil fotoları keçdi, deyilmi? Bax elə təsir deyəndə məhz bunları nəzərdə tuturduq.

Bu yazıda isə əsasən, sosial medianın medianın gözəllik anlayışımıza, bizdə yaratdığı o mükəmməl görünmək arzusuna və bütün bunların psixologiyamıza vurduğu zərərlərdən danışacağıq. Əlbəttə ki, niyyətimiz sosial medianı günah keçisi elan etmək deyil. Burada əsas məsələ nələrinsə fərqinə varmaq və media savadlılığının önəmini xatırlamaqdır.

Sözsüz ki, müəyyən ideallar hər zaman mövcud olmuşdur. Lakin əvvəllər bu, yalnız hansısa qrup insanlar üçün keçərli idisə, sosial medianın, informasiyanın əlçatanlığı sayəsində həmin tendensiyalar peşəsindən, yaşından asılı olmayaraq, sadə vətəndaşlar arasında da yayılmağa başladı. Qorxudan məqam isə ondan ibarətdir ki, artıq həmin ideallar cəmiyyətə normal olan elə bu imiş kimi təqdim edilir.

Ümumiyyətlə, gözəllik anlayışı o qədər sürətlə dəyişir ki, çox zaman bədən və zehin olaraq da ona çatmaqda çətinlik çəkirik. Məsələn, bir müddət öncə “Tumblr”, “Instagram”, “WeHeartIt” kimi platformalarda incə bədən ideal sayılırdı. Vəziyyət elə bir nöqtəyə gəlmişdi ki, artıq yemə pozuntuları təbliğ edilirdi. Pro-anoreksiya ilə bağlı çox sayda veb-saytlar açıldı, bunun ardınca fitnes axımı, “thigh gap” və “sixpack” uğrunda mübarizələr başladı. Bəziləri buna özlərini o qədər həsr etdilər ki, aralarında həyatlarını itirənlər də oldu.

Daha sonra sosial şəbəkədə estetikləri ilə göz qamaşdıran Kardaşianlar boy göstərdilər. Bununla da, ideal qadın bədəninin qum saatı formasında olması kimi utopik bir fikir təbliğ edilməyə başladı. Hətta, bu ideallıq anlayışının həqiqətən də mövcudluğuna inanaraq, özünü bıçaq altına salanlar da oldu.

Yemə pozuntusunun bir çox səbəbi olsa da, yaşadığımız cəmiyyətin yaratdığı standartlar gözardı edilə bilinməyəcək səviyyədədir. Çikaqodakı bir yemə pozuntusu müalicə mərkəzinin apardığı araşdırmaya görə, gənc pasientlərin 50%-nin xəstəliklərini sosial medianın daha da artırdığı məlum olmuşdur.

Florida Dövlət Universitenin digər bir araşdırmasına görə isə “Facebook” və “Instagram” istifadəsi ilə yemə pozuntusu arasında korrelyasiya olduğu sübut edilmişdir.

Söhbət açılmışkən “Snapchat” filterlərini də unutmayaq. Təmiz dəri, xırda burun, çəkik göz, dolğun dodaqlar... Burada reklam və marketinqin də rolunu vurğulamaq lazımdır. Ətrafınızda sosial şəbəkə hesabında filterlərlə əldə etdiyi o “mükəmməl” görüntüyə real həyatda sahib olmadığı üçün estetik cərrahlar yanına qaçan neçə insan var?

Statistikalar göstərir ki, son 20 ildə dodaq dolğusu əməlliyatına müraciət edənlərin sayı 71% artıb. Sadəcə 2019-cu ildə keçirilən əməliyyatların sayı isə bu rəqəmlərin 2,9 milyonunu əhatə edir.

Mövzu ilə bağlı mütəxəssis rəyi almaq üçün psixoloq Vəfa Əkbərə müraciət etdik.

Psixoloqun sözlərinə görə, perfeksionizm insanda daxili aqresiyya yaradır. O, özünə ideal bir qadın və ya kişi obrazı seçir, ona uyğunlaşmağa çalışır. Həmin insanlar bu günü ilə yaşaya bilmirlər, daima dəyişim uğrunda cəhdlər edirlər. Özlərinə qarşı yüksək tələbləri olur, o tələblər özünü doğrultmadıqda isə kompleksə düşürlər və zamanla yararsız bir fərdə çevrilirlər. Çünki düşüncələri sırf ideal xarici görünüşə sahib olmaq üzərində fokuslanır.

Vəfa Əkbər həmçinin, onu da vurğuladı ki, danışdığımız mükəmməlliyyətçilik yalnız xarici görünüşlə kifayətlənmir. Məsələn, sosial mediada kimsə atası ilə fotosunu paylaşır. Bu zaman bəzi fərdlərdə "Niyə atam mənlə foto çəkdirmir? Deməli, o, məni sevmir?" kimi suallar yaranmağa başlayır. Digər bir nümunə kimi isə "O, tez-tez yoldaşının gəzintiyə aparması ilə bağlı paylaşımlar edir. Bəs niyə biz getmirik? Yoldaşım mənə dəyər vermir?" düşüncələrini göstərə bilərik.

Bu standartlar yavaş-yavaş bütün həyatımızı əhatə edir. Artıq elə bir situasiya yaranır ki, insanlar bir-birilərinə olan sevgi və hörmət hisslərini məhz bu standartlar üzərində qururlar.

Sonda isə psixoloq Vəfa Əkbər tövsiyə etdi ki, özünüzü olduğunuzu kimi qəbul edin. Ən əsası isə davranışlarınızın, dedikləriniz sözlərin məsuliyyətini daşıyın. Bundan gözəl don, gözəl libas yoxdur.

Sahilə Musayeva / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR