Azərbaycan türkləri vikinqləri necə məğlub etdi?..-

“Ehtimal edə bilərik ki, qədim Rus dövlətinin qurucusu knyaz Hrörek (Ryurik), eləcə də onun sələfləri – knyazlar Helqi (Oleq) və İnqvar (İqor) Azərbaycanda apardıqları hərbi əməliyyatlar zamanı həlak olmuşlar...”

Metbuat.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Rusiyanın qurucusu Ryuriki azərbaycanlılar öldürüblər” başlıqlı növbəti yazısını təqdim edir:

“IX–XIII əsrlərdə indiki Rusiya ərazisində güclü mərkəzləşdirilmiş dövlət yox idi. Buna görə də Şimal ilə Cənub arasında geosiyasi mübarizə səngimişdi. Lakin sərhəd bölgələrinə yürüşlər və basqınlar davam edirdi. Bəzi hallarda bu hücumları adi qarətçilik niyyətləri deyil, İslam dünyasının daxilindəki ziddiyyətlər doğururdu.

Sovet tarixçisi Lev Qumilyov yazır: “Xəzər dənizinin cənub sahillərində yaşayan deyləmilər(türksoylu-red.) 842-ci ildə İslam dinini onun şiə formasında qəbul etdilər. 867-ci ildə onlar Ələvilərin bayrağı altında Abbasilərə qarşı üsyan qaldırdılar. 872-ci ildə Seyid Həsənin başçılıq etdiyi deyləmilər Qurqan vilayətini, eləcə də Qəzvin və Rey şəhərlərini ələ keçirib xilafət üçün real təhlükəyə çevrildilər”. Ehtimala görə, 872–880-ci illər arasında Xəzər xaqanının vassalları olan Skandinaviya vikinqləri Deyləmin – Azərbaycan Respublikasının indiki sənub bölgəsinin sahillərinə hücum edib qətl və qarətə başladılar. İbn İsfəndiyar bu barədə qısa bir məlumat verir: “Seyid Həsən onların hamısını qılıncdan keçirdi”.

Haşiyə. 725-ci ildən 1066-cı ilədək Avrasiya məkanında həm dəniz ticarəti ilə məşğul olmuş, həm də sahilyanı yaşayış məntəqələrinə hərbi yürüşlər təşkil etmiş skandinaviyalılar özlərini “vikinq” adlandırırdılar. Ərəblər və digər müasirləri vikinqlərin fiziki gücünü, boylarının ucalığını, bədənlərinin möhkəmliyini, silahlarının keyfiyyətini, döyüş zamanı qorxmaz və amansız olduqlarını xüsusi qeyd etmişlər. Onlar hücuma keçəndə inadla döyüşür, müdafiə olunanda isə sonadək vuruşur, savaş meydanından qaçmırdılar.

862-ci ildə danimarkalı konunq (knyaz) Hrörek (rus tarixşünaslığında Ryurik) şərqi slavyanları özünə tabe etdi. 879-cu ildə o, öldü və hakimiyyət başına oğlu İnqvar (rus tarixşünaslığında İqor), əslində isə, İnqvarın regenti Helqi (rus tarixşünaslığında Oleq) keçdi. Qədim rus salnamələrinə görə, Helqi 912-ci ildə, İnqvar isə 945-ci ildə həlak olmuşdur. Belə bir rəvayət var ki, Helqini zəhərli ilan çalıb öldürmüş, İnqvar isə guya drevlyanlar (slavyan tayfası) tərəfindən qətlə yetirilmişdir. Amma maraqlıdır ki, hər üç knyazın – həm Hrörekin (879-cu il), həm Helqinin (912-ci il), həm də İnqvarın (945-ci il) ölüm tarixləri vikinqlərin Azərbaycana uğursuz yürüşlərinin tarixləri (872–880-ci, 913-cü və 944-cü illər) ilə üst-üstə düşür. Heç də təsadüfə bənzəməyən bu faktlara əsaslanaraq ehtimal edə bilərik ki, qədim Rus dövlətinin qurucusu knyaz Hrörek (Ryurik), eləcə də onun sələfləri – knyazlar Helqi (Oleq) və İnqvar (İqor) Azərbaycanda apardıqları hərbi əməliyyatlar zamanı həlak olmuşlar.

Kiyev Rus dövlətini qurmuş vikinqlər 862-ci ildən 965-ci ilədək xəzərlərdən asılı olmuşlar. Həmin ildə İnqvarın oğlu Svietoslav (rus tarixşünaslığında Svyatoslav) Xəzəristana hücum etmiş, qəfil zərbədən özünə gələ bilməyən Xəzər xaqanlığı süquta uğramışdır.

Seyid Həsənin vikinqlər üzərində zəfərindən sonra Ələvilərlə mübarizəni Abbasi xəlifəsinin formal vassalı olan Xorasan əmiri İsmayıl Samani davam etdirdi. L.Qumilyov yazır: “900-cü ildə baş vermiş döyüşdə o, şiələrə qalib gəldi (Seyid Həsən savaş meydanında həlak oldu). Deyləmilər Xəzər sahillərindəki dağlıq ərazilərə çəkildilər və silahlı mübarizəni dayandırmadılar. Samanilər onlara həlledici zərbəni vurub müharibənin taleyini birdəfəlik həll edə bilmirdilər. Çünki Samani dövlətinin gəmiləri yox idi. Deyləmi təhlükəsi isə hələ də sovuşmamışdı. Məhz belə bir zamanda Xəzər dənizində yenidən vikinq gəmiləri göründü. 909–910-cu illərdə deyləmilərlə vikinqlər arasında növbəti toqquşmalar baş verdi”. İbn İsfəndiyar qeyd edir ki, “deyləmilər gecə sahilə gəlib gəmiləri yandırdılar, quruda olan vikinqləri qətlə yetirdilər. Xilas olub geri çəkilənləri isə yolda Şirvanşahın adamları öldürdülər. Beləliklə, onlardan bir nəfər də sağ qalmadı”. Skandinaviyalılar məğlub olsalar da, müharibənin əsas mərhələsi hələ qabaqda idi”.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR