Biz maariflənmək istəmirik, yoxsa belə proqramlar tələbatımıza cavab vermir? -

Cəmiyyətin savadlanması, maarifləndirilməsi hər bir ölkənin ən prioritetlərindəndir. Belə ki, təhsilsiz, savada meyilli olmayan cəmiyyətdə inkişaf olmaz. Həmçinin cəmiyyətin hər bir fərdi informasiya ilə əhatələnməlidir.

Lakin hazırda təhsil, mədəni-maarif, elmi, gündən-günə inkişaf edən texnoloji biliklərlə bağlı proqramlar demək olar ki, yoxdur və ya tok-şoularla müqayisədə geridədir. Dünyada maarifləndirmə yönündə ən çox istifadə olunan sənədli filmlərə gəlincə, bu yöndə görülən işlər də heç qənaətbəxş deyil.

Xüsusilə də gənclərin izləyə biləcəyi, onların maariflənməklə informasiya əldə etmək təminatı üçün şərait azdır. Savadlı cəmiyyətə sahib olmaq üçün sadəcə internet resursları kifayət deyil. Kimdir günahkar? Bu proqramlar insanların maraq dairəsində deyil, yoxsa auditoriyanın tələblərinə cavab vermir?

Təhsil eksperti Adil Vəliyev deyir ki, elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzular baxımlı edilməsi üçün günün və gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır:

"Hazırda mədəni-maarif və təhsil sahəsində proqramlarımız azdır. Ancaq bu proqramların azlığını, ya da heç olmamasını bizim kimi tamaşaçıların və iştirakçıların aktivliyi müəyyən edir. Əslində, xalq olaraq təhsili sevən biriyik. Çünki cibimizdə 5 manat pulumuz olsa, özümüz ac qalar, ancaq o pulla övladımıza təhsil verməyi düşünərik. Ətrafımızdan soruşsaq ki, ən son təhsilə aid hansı proqrama baxmısan, inanın ki, 10 nəfərdən 9-u cavablaya bilməz. Çünki təhsilin tədrisini bizdən öncəki nəsilə doğru anlatmayıblar. "Oxusun adam olsun", "evlənsin adam olsun" kimi düşüncələrə sahib istəmədiyiniz qədər insan var. Birincisi təhsilə, ikincisi mədəniyətə aid olan bu cümlələrin hər ikisinin də başlanğıcı evdən, ailədən başlayır. Əgər evdə ailədən kimsə övladının təhsili ilə maraqlanmayıb, televiziyada hansısa bir təhsil proqramına baxırsa, onun övladına öyrədəcəyi heç bir şey ola bilməz.

Biz, ümümiyyətlə, müzakirələrlə öyrənməyi daha çox sevirik. Diqqət etsəniz görərsiniz ki, sakit tərzdə iki nəfərin təqdim etdiyi verlişlərə baxış sayı çox olmur. Bu hər sahədə belədir. Necə ki dərsdə sorğu - sual edilən bir mövzunu daha yaxşı anlayırsan, o cümlədən də hər hansı proqramda təhsil, mədəniyyət və s. sahələrdə müzakirə əsasında proqramları daha rahat və ətraflı anlaya bilirsən. Hazırda TV kanallarında “Sabaha saxlamayaq” və “Çıxışa doğru” proqram var ki, bu proqramlar ictimaiyyətin maraqları daxilində, gündəmə uyğun olaraq bir çox mövzularda müzakirələr aparır və hər iki veriliş də kifayət qədər baxılır. Elm, təhsil, mədəniyyət və s. istənilən maarifləndirici mövzuları baxımlı edilməsi üçün günün və gələcəyin tələblərinə, problemlərinə uyğun formatda etmək lazımdır. Problem, müzakirə və həll yolları olan proqramlar istənilən yaş qrupunun maraq dairəsinə aid edilə bilər".

Jurnalist, teletənqidçi Qulu Məhərrəmlinin fikrincə, müxtəlif, cazibədar formalardan istifadə edərək tamaşaçılara bu və ya digər formada biliklər ötürülə bilər:

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

"Əvvəlki illərlə müqayisədə Azərbaycan televiziya məkanında maarifləndirici verilişlərin sayı artır. Bunu müsbət tendesiya kimi dəyərləndirmək olar. Məsələn, İctimai tv-də tok-şou formatında maarifləndirici verilişlər var. Əslində, maarfiləndirici proqramlar deyəndə sadəcə lövhə qarşısında mühazirə oxuyan müəllimlər nəzərdə tutulmur. Müxtəlif cazibədar formalardan istifadə edərək tamaşaçılara bu və ya digər formada biliklər ötürməliyik. Formalar müxtəlifdir, sənədli filmlər, dublyaj olunan filmlər, tarix, həyat bilikləri, adi tədris biliklərinin təbliği çox vacibdir. Ümumiyyətlə, əlbəttə ki, hazırda bu proqramlar azdır. Sosial şəbəkələrə gəlincə, hesab edirəm ki, bu yöndə müsbət rol oynamayacaq, əksinə, maarifçilik missiyasına ciddi ziyan vura bilər. Amma büdcədən maliyyələşən televiziya kanalları bu yöndə addımlar atmalıdır".

Gülər Seymurqızı / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)