Dövlət müstəqilliyin daimi olsun, Türkiyə -

Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk

Biz bir millət, iki dövlətik.

Ümummilli lider Heydər Əliyev

1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisnin fəaliyyətə başlaması ilə yeni bir Türkiyə dövləti meydana gəlmiş, 1921-ci ilin “Əsas təşkilat” qanunu TBMM-ni yeganə ali hakimiyyət orqanı kimi təsbit etmişdi. Türk qoşunları 1921-ci il sentyabrın 13-də ingilislərin təhriki ilə yenidən Sakariya istiqamətində hücuma keçən yunan qoşunları üzərində böyük qələbə qazandılar. TBMM bu qələbəyə görə Mustafa Kamal Paşaya muşir (marşal) rütbəsi və "Qazi" adını verdi. Bu qələbədən sonra Fransa və İtaliya Türkiyəyə qarşı müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək öz qoşunlarını Anadoludan çıxartdılar. Sakariya məğlubiyyətindən sonra müdafiəyə keçən yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək öz mövqelərini möhkəmlətməyə başladılar. Yunanlar türk qoşunlarının hücum etmək iqtidarında olmadığına ümid edərək vaxt qazanmaq məqsədilə işğal etdikləri torpaqları əllərində saxlayır, sülh imzalamaq barədə də düşünmürdülər.

Türk orduları TBMM son dərəcə məxfi şəkildə hazırladığı plan əsasında 1922-ci il avqustun 26-da Qocatəpə rayonunda güclü hücuma keçdilər. Türk ordusu Afyon-Qarahisar xəttini yararaq 200 minlik yunan ordusunu mühasirəyə salaraq, Afyon azad etdilər. Dumlupinar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar. Anadolunu yunanlardan təmizləyən türk ordusu sentyabrın 9da İzmiri azad etdi. Oktyabrın 11-də Antanta dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətinin ləğv olunduğunu elan etdi. 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət - Türkiyə Respublika quruldu.

1923-cü il aprelin 1-də TBMM yeni seçkilər keçirmək haqqında qərar qəbul etdi. M.Kamal başçısı olduğu “hüquqları müdafiə qrupu”adından 9 prinsipi özündə əks etdirən proqram hazırladı.

Antanta ilə Türkiyə arasında aparılan danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi tanındı. Beləliklə, Türkiyə müstəqil dövlət kimi mövcudluğu beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq edilməsinə nail oldu.

1923-cü il avqustun 11-də Hüquqları müdafiə qrupu tərəfindən namizəd göstərilənlər ikidərəcəli seçkilər yolu ilə ikinci çağırış TBMM-ə seçildilər. Yeni seçilmiş Məclisin mühüm addımlarından biri Lozanna sülh müqaviləsini ratifikasiya etmək oldu. 1923-cü il sentyabrın 9-da M.Kamal “hüquqları müdafiə qrupunun” bazası əsasında Xalq Partiyasını yaratdı.

Oktyabrın 27-də hökumət istefaya çıxdı, iki gün ərzində yeni hökuməti təşkil etmək mümkün olmadığı üçün M.Kamal 1923-cü il oktyabrın 29-da TBMM adından Türkiyəni Cümhuriyyət elan etdi. Ankaranın paytaxt olması bütün dünyaya elan edildi. Sonra əsas isə dövlət vəzifələrinə seçkilər keçirildi. M.Kamal Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçildi. Oktyabrın 30-da İsmət paşa ilk cümhuriyyət hökumətini təşkil etdi. Hökumətin proqramında ölkə daxilində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, tərəqqi və inkişaf yolunda keçiriləcək tədbirlər bəyan edilirdi. Qeyd edək ki, Atatürk Qazi Mustafa Kamal (1881-1938 ) Türkiyə Respublikasının qurucusu və ilk prezidenti (1923 1938), Atatürk ləqəbi ona 1934-cü ildə Türkiyə Böyük Millet Məclisi tərəfindən verilmişdi. Atatürk Gənc türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə (1909), İtaliya və Türkiyə (1911-1912), II Balkan (1913) və I Dünya (1914-1918) müharibələrindi iştirak etmişdir. 1916-cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müdaxiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Türkiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919-1922). Sakariya döyüşündəki siyasətinə görə TBMM tərəfindin marşal rütbəsi və Qazi (Qalib) fəxri adlarını almışdır.

1924-ci il aprelin 20-də Türkiyə Cumhuriyyətinin Konstitusiyası qəbul olundu. Əsas Qanunda Prezident Mustafa Kamalın respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsipləri öz təsbitini tapdı. Türkiyə Respublikası üçün xidmətlərinə görə 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamal Paşaya Atatürk soyadı verildi.

Respublika günü münasibətilə Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını başda Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla hörmət və rəhmətlə xatırlayır, Türkiyəni sevən, onun sevincini öz sevinci, kədərini öz kədəri bilən Azərbaycanı, Türk və İslam aləmini, eləcə də Türkiyəyə sevgi və sayqısı olan hər kəsi təbrik edirik.

Sübhan Talıblı,

Tarix üzrə fəlsəfə doktoru, dosent


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR