Rusiyanın "caynağından" qaçan Ukrayna Türkiyəyə YAXINLAŞIR -

Son yayılan məlumatlara əsasən Rusiya artıq Ukrayna ilə sərhəddə 90 minə yaxın qoşun toplayıb.

Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında bildirdi ki, görünən odur ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa etməkdə, Rusiya isə separatçıları dəstəkləməkdə israrlıdır. Baş verən proseslər onu göstərir ki, tərəflərdən biri geri addım atmasa, aralarında lokal xarakterli toqquşmanın olması gözləniləndir. Siyasi şərhçi onu da qeyd etdi ki, burada Rusiya üçün önəmli olan digər bir məsələ Türkiyənin Ukrayna ilə bağlı mövqeyidir.


"Ötən il Ukrayna prezidenti Vladimir Zelenski Ankaraya rəsmi səfər etdi və tərəflər arasında 21 maddədən ibarət müqavilə imzalanmışdır. Bu müqavilənin bir sıra bəndlərində tərəflər arasında hərbi əməkdaşlıqla bağlı məsələlər xüsusilə qeyd edilib. Həmçinin Ukraynanın son addımlarından da belə anlaşılır ki, artıq Ukrayna qərb dövlətlərinə o qədər də inanmır və ona görə də Türkiyə ilə münasibətlərin sıxlaşdırılmasına çalışır. İndi tərəflər arasında gərginlik hər gün artan xətt üzrə davam etməkdədir hər an toqquşmanın baş verməsi gözləniləndir. Məsələyə hərtərəfli yanaşma etsək, belə qənaətə gəlmək olar ki, Rusiyanın özü də Ukrayna ilə qarşıdurmaya getmək niyyətində görünmür".

Samir Hümbətov bildirdi ki, Rusiyaya qarşı qərbdən yetərincə təzyiqlər və sanksiyalar var. Əgər yeni qarşıdurmaya gedərsə bu Rusiyaya qarşı daha genişmiqyaslı sanksiyaların və daha ciddi təzyiqlərin baş verməsi deməkdir ki, bu da iqtisadi durumu ağır olan Rusiya üçün arzuolunmaz hal deməkdir.

"Qeyd edim ki, baş verə biləcək mümkün müharibə ssenarisində Türkiyə hərbi əməkdaşlığa sadiq qalaraq Ukraynanın yanında yer alarsa, bu Rusiya ilə üz-üzə gəlmək deməkdir ki, tərəflər bundan razı qalacaq kimi görünmür. Rusiya üçün digər narahatedici məsələ ABŞ-ın Ukraynaya dəstək verməsidir. ABŞ-ın Ukraynaya əsas dəstəyi silah-sursat və hərbi texnika ilə bağlıdır. Yəni burada ciddi qarşıdurmanın olmaması üçün tərəflər mümkün qədər səbirli davranmağa çalışırlar" deyə Samir Hümbətov fikirlərini tamamlayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR