Bayrağımız milli qürur mənbəyimizdir -


"Azərbaycan istiqlalının ideoloqlarından biri olan Əli bəy Hüseynzadə milli köklərimiz olan türklüyü, inkişafımız üçün zəruri olan müasirliyi, modernləşməni və mənəvi köklərimiz olan İslamı təməl olaraq irəli sürüb. Cümhuriyyət xadimləri isə onu qəbul edərək bayraq halına gətiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı 1918-ci il iyunun 24-də müvəqqəti paytaxt olan Gəncədə verilib. Osmanlı bayrağına bənzəyən ilk dövlət bayrağı qırmızı rəngdə idi, üstündə aypara və səkkizguşəli ulduz əks edilmişdi. Fərq yalnız Osmanlı bayrağında olan beşguşəli ulduzda idi. Bu bayraq həmin il noyabrın 9-dək mövcud olub. Məlum olduğu kimi Mudros atəşkəsinin imzalanması ilə Qafqaz İslam Ordusu Bakını tərk etdikdən sonra müttəfiqlər adından şəhərə ingilis qüvvələri gəlməli idi. Cümhuriyyət nümayəndələri və general Tomson arasında Ənzəlidə keçirilən görüşdə qarşı tərəf bildirdi ki, Azərbaycan dövləti Osmanlı intriqaları nəticəsində yaradılıb, Osmanlı bayrağına bənzəyən bir bayrağın asıldığı yerə müttəfiqlər daxil ola bilməzlər. Bundan sonra indiki üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edildi. Eni 1, uzunluğu 2 metr olan bayrağın üzərində olan göy rəng milli köklərimizi - türklüyümüzü, ucalığımızı, əbədi varlığımızı, qırmızı rəng müasirliyi, yeniləşməni, demokratiyanı, yaşıl rəng mənəvi köklərimiz olan İslam dininə mənsub olduğumuzu bildirir. Bayrağımızda olan aypara yeni yaranmış müsəlman ölkəsi anlamına gəlir. Dövlətimiz dünyəvi, demokratik olsa da, ölkəmiz müsəlman ölkəsidir. Bayrağımızdakı səkkizguşəli ulduzun tarixi kökləri olduqca qədimə gedib çıxır. İslama qədərki bir sıra tarixi abidələrdə səkkizguşəli ulduza rast gəlinir. Müsəlman olmayan bəzi xalqların da qədim abidələrində səkkizguşəli ulduz vardır. Bu, həyatın davamlılığı, əbədiyyət, millətin və dövlətin daim var olması anlamına gəlir.

1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra üçrəngli bayraqdan imtina olundu. Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı qəbul edildi. Sovet hakimiyyəti illərində bu bayraq da bir neçə dəfə dəyişdirildi".

Professor Musa Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyimizin rəmzi olan Cümhuriyyət bayrağına yeni həyatın verilməsi, ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiya iclasında hələ SSRİ-nin, sovet sisteminin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, “Ali Sovet” “Ali Məclis” adlandırıldı, Azərbaycan SSR-in dövlət bayrağından imtina edildi və Cümhuriyyətin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu, sadəcə sovet Azərbaycanın rəmzindən imtina edilməsi və digərinin qəbul olunması demək deyildi. Üçrəngli bayraq XX əsrdə ilk müstəqil dövlətimizin atributu olduğundan onun qəbulu da SSRİ tərkibində olmağa qarşı çıxmaq, müstəqil yaşamaq, dövlət müstəqilliyinin təməlinin atılması demək idi. Bununla, qədim diyarımız olan Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı ilk yer, onun memarı isə Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin iclasında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Cümhuriyyətin bayrağını Azərbaycanın dövlət bayrağı olaraq qəbul etsin. Vəsatətə baxan Ali Sovet 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı”.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən noyabrının 9-nun Dövlət Bayrağı Günü elan edilməsi ilə dövlətçiliyimizdə varislik və ənənə yaradıldı. Cümhuriyyət hökumətinin dövlət bayrağımız haqqında qərar qəbul etdiyi 9 noyabr tarixi noyabrın 17-də (yəni bu bayrağın ilk dəfə rəsmi olaraq 1990-cı il noyabrın 17-də qəbul edildiyi günlə eyni gündə) imzalanan sərəncamla ölkəmizdə Dövlət Bayrağı Günü bayram və qeyri-iş günü olaraq təsis edildi. Bu dövlətçilik tariximizə böyük hörmət və ehtiram idi.

“Bu gün bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında, dünya okeanında üzən gəmilərimizin üzərində, düşmən işğalından azad edilən torpaqlarımızda dalğalanır. Ölkəmizdə gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyə edilməsində müstəsna rol oynayan Dövlət Bayrağı muzeyləri yaradılıb. Bayrağımız milli qürur mənbəyimizdir”, - deyə professor Musa Qasımlı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR