“Bayraq bütün azərbaycanlıları birləşdirən simvoldur” -

"Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır və Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir".

Bu fikirləri Metbuat.az-a özəl olaraq politoloq Yeganə Hacıyeva deyib. Müsahibimiz bildirdi ki, dövlətlərin həyatında bayraqların yaradılması ilə əvvəlcə müəyyən bir siyasi qrup, tarixi şəxsiyyət, intelektual qrup və s. məşğul olur, sonra isə tarixi inkişafın necə baş verməsindən asılı olaraq bu atributlar digər insanlar tərəfindən ya dərk edilir, sevilir, ya da inkar edilir.

"Hər bir dövlətin qurulmasında ən mühüm məqam milli ideloji yükü özündə daşıyan insanın şəxsiyyətinin formalaşmasıdır və bu prosesdə də simvollar böyük rol oynayır. Dövlətlərin və cəmiyyətlərin həyatında bayraq və digər rəmzi simvolların rolu, dövlət rəmzlərinin kütləvi şüurda funksiyaları çox genişdir. Bir çox hallarda bayraqlar tarixin müxtəlif mərhələlərində xalqların həyatında baş verənlərin, konkret tarixi ənənələri özündə əks etdirir. Bayraqlardakı və ümumiyyətlə dövləti simvollardakı hər hansı bir rəng və işarələr və s. tarixi proseslərdən xalqların yaddaşına hopmuş mənaları daşıyır, xalqların dövlətçilik adət-ənənələrinin yaranması, formalaşması və inkşaf etməsi və s. kimi ideoloji məqamları özündə əks etdirir. Dövlər bayraqlarının tarixi təkamülü haqqında danışırıqsa bilməliyik ki, dövləti rəmzlər ilkin və orta əsrlərdə dövlət bayraqları və gerblər kimi deyil dövlət-şəcərə xarakterli idi. Bir çox xalqların həyatında 19-cu əsr və 20-ci əsrin əvvəllərində tarixin inkşafı və xalqların formalaşması ilə simvolların milliləşdirilməsi prosesi baş verdi".

Yeganə Hacıyeva vurğuladı ki, simvollar və rəmzləri xalqların qan yaddaşının dərinliyinə hopmuş adət-ənənələr formalaşdırır və möhkəmləndirir, daha sonra onlar xalqların böyüməsi və güclənməsində müstəsna xidmətlər göstərir. Xalqlar simvol, rəmzlər və bayraqları yaradır, böyüdür, onlar isə xalqları böyüdür, gücləndirir.


"Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada- indiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi bina qəbul edilmiş və qaldırılmışdır. Bayraqlar, tarixi adət ənənələrdən kənarda həm də siyasi mesajlar daşıyır. Heç şübhəsiz bu gün üçün Zəfər Bayrağı kimi özünü təsdiqləmiş Azərbaycanın Bayrağının özündə siyasi mesajlar daşıyır. Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğumuzu, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyimizi, mavi rəng isə - Azərbaycan xalqının türk mənşəli olmasını ifadə edir. Səkkiz güşəli ulduz isə "Azərbaycan" sözünün əski əlifbada səkkiz hərflə yazılışı ilə bağlıdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası-indiki Əlyazmalar İnstitutunun binası üzərində qaldırılmışdır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi".

Müsahibimiz xüsusilə qeyd etdi ki, 70 il ərzində isə yad elementli atributlar Azərbaycan xalqının yaddaşında və kimliyində özünə yer etmədi və unuduldu. Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. Bu gün Azərbaycan Bayrağı dövrünün əzəmətini, zəfər yürüşlərini özündə əks etdirən Zəfər Bayrağıdır".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR