Polad Həşimovun qisasını aldı,72 gün sonra şəhid xəbəri gəldi -

44 günlük Zəfər müharibəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı həmişə torpağı uğrunda, bir yumruq altında birləşməyə hazırdır. Azərbaycam xalqının Ali Baş Komandanını rəhbərliyi altında Azərbaycan ordusu Şanlı Zəfərimizi qazandı. Bu yolda şəhid olan igidlərimizdən biri də mayor Vüsal İslam oğlu Vəliyevdir

Metbuat.az AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının şəhid Vüsal İslam oğlu Vəliyev haqqında olan məqaləsini təqdim edir:


Şəhid mayor Vəliyev Vüsal İslam oğlu 1988-ci il 15 iyul tarixində Naxçıvan MR Şərur rayonunun Dizə kəndində ziyalı ailəsində anadan olub. Ailənin dördüncü övladı olan Vüsalın uşaqlığı müharibənin ilk illərinə düşüb. 1988-ci ildən başlanan müharibə Vüsal və onun kimi yüzlərlə uşağın yaddaşında silinməz izlər qoymuş, qisas hissi onda hərbiyə maraq yaratmışdı. Vüsal orta məktəbdə oxuyan zaman dərslər düşmənin atdığı mərmilərin partlaması nəticəsində tez-tez kəsilir, yarımçıq qalırdı. Bəlkə də elə o partlayış səsləri Vüsalın düşməndən qisas almaq üçün gələcəkdə fəxr ediləcək bir zabit olmasına təkan vermişdi. Qorxmaz, qürurlu, iradəli xarakterə malik olması onu həmyaşıdları içərisində digərlərindən fərqləndirmiş, dostları tərəfindən çox sevilib.

Vüsal Vəliyev 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Bakı şəhərindəki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini davam etdirib. 2012-ci ildə XTQ kursunu uğurla başa vurmuşdur. Xidmət etdiyi illərdə hərbi təhsilini müxtəlif kurslarda, təlimlərdə təkmilləşdirmiş və mayor rütbəsinə kimi yüksəlmişdir. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında və Murovdağ silsiləsində qüsursuz xidmət etdiyi üçün Müdafiə Naziri Zakir Həsənov tərəfindən “10 il Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Bundan başqa mayor Vüsal Vəliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalı da təqdim olunmuşdur.



Azərbaycan Ordusunun mayoru Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olaraq Murovdağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 9 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olmuşdur. O, 14 dekabr 2020-ci il tarixdə Naxçıvan MR Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarıyla Vüsal Vəliyev ölümündən sonra “Vətən uğrunda” “İgidliyə görə”, “Kəlbəcərin azadlığına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.


Mayor Vüsal Vəliyev nişanlı idi. Xidmət etdiyi bölgələr tez-tez dəyişdiyi, müxtəlif hərbi təlimlərə qatıldığı üçün təyin edilmiş toyun vaxtı bir neçə dəfə təxirə düşüb. Şəhid Vüsal Vəliyevlə əlaqə oktyabrın 2-dən kəsildiyi üçün itkin elan edilmib. Onun itkinlik xəbərini eşitdən atası İslam Vəliyev dözməyərək vəfat edib. Polad Həşimov şəhid olandan sonra Vüsal komandirinin intiqamını alacağına söz vermişdi. Müharibə zamanı şəhid komandirinin intiqamını alaraq özü də şəhidlik zirvəsinə yüksəldi.

Vüsal müharibə başlamamışdan qabaq özü üçün məxfi ad seçibmiş: "QİSAS 44". Bu ad döyüş zamanı məxfiliyi qorumaq üçün rabitədə çağırış adı imiş. Müharibə 44 gün çəkdi, Vüsal isə söz verdiyi kimi komandiri olan general Polad Həşimovun və şəhid olmuş zabit dostlarının, əsgərlərinin qisasını aldı. Keçmiş əsgər və zabitlərinin xatirələrində şəhid mayor Vəliyev Vüsal İslam oğlu haqqında belə deyirlər.

Şahabəddin Məmmədov: Allah rəhmət eləsin. Çox gözəl insan idi. Vətənimizin, dövlətimizin, ordumuzun itirdiyi dəyəri, qiyməti ölçülə bilməyən oğullardan biri idi. Mənim dövrümdə bölük komandiri idi. Çox heyf ondan...Ruhu şad olsun.

Fərid Kərimov: Canım kombatım, sayəndə sağ qalmışam. Son döyüşdə məni qorudu. Amma özü şəhid oldu. O təkcə komandir deyil, həm də bizə böyük qardaş, ata əvəzi idi. Allah rəhmət eləsin.

Rizvan Şükürov: Cənab mayor Vüsal Vəliyev haqqında nə qədər yaxşı sözlər desəm də az olar. Onun kimi mərd, şəxsiyyətli komandirlər az-az dünyaya gəlir. O bizə böyük qardaş olub. Onun ölümü bizi çox üzdü. Amma bizim təskinliyimiz odur ki, o şəhidlik məqamına yüksəlib. Allah ailəsinə səbr versin. Komandirin atası da onun xəbərini eşidib dünyasını dəyişib. Allah rəhmət eləsin. Haqqını bizə halal et, komandirim.

Ruzil Babayev: Beyləqanda tağım komandirim olub. Həm çox yaxşı insan, həm də yaxşı komandir idi. O qədər təmiz ürəkli, rəhmli, mədəni insan idiki. Ona ömür boyu borcluyuq. Onun haqqı ödənilməz. Fəxr edirəm ki, elə bir komandirim olub. Onun ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin.

Tağı Qənbərov: Kursant vaxtından çox ürəkli və mərd oğlan idi. Həm də müəllim, zabit və kursant yoldaşları arasında yüksək hörməti varıydı. Ey Şəhadət Şərbəti içərək, qanı ilə tarix yazan Şəhidim! Ruhun şad, məkanın cənnət olsun mayor Vəliyev Vüsal İslam oğlu!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR