Bakıda qarışıq tullantılara görə yük avtomobilinin sürücüləri cərimələnib

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində “KamAZ” markalı 2 yük avtomobili ilə çirkab suların və qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri V.Qədirov və R.Ağakişiyev barəsində protokollar tərtib edilib.

Suraxanı rayonu ərazisində keçirilən tədbir zamanı isə Bülbülə gölü ərazisində “KamAZ” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə həmin yük avtomobilinin sürücüsü Ə.Həsənov barəsində də protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR