Şuşa fatehinin şəhadətindən

Jurnalistlik fəaliyyətimlə bağlı çox şəhid ailələrində olmuş, yazılar, videomateriallar hazırlamışam. Onların arasında Əfqanıstan müharibəsinin günahsız qurbanları da var, Birinci və İkinci Qarabağ müharibəsində doğma vətən torpağı uğrunda şəhid olanlar da. Bu ailələrin hamısının ağrısı demək olar ki, ata, oğul, həyat yoldaşı, qardaş- bir sözlə doğma insan itkisidir...

Amma hər şəhidin şəhadətə gedən yolu fərqlidir, özünəməxsusdur. Bu günə qədər ailəsində olduğum, yaxından, uzaqdan tanıdığım, haqqında yazdığım 3 şəhid eloğlumuzu heç cür unuda bilmirəm. Onlardan birincisi Mübariz İbrahimov, ikincisi Pəncəli Teymurov, üçüncüsü Vüsal Kazımovdur. Bu şəhidlərin hər üçü xarakter, amal, əqidəcə bir-birini tamamlayan igidlərdir. Hər üçü ölümün gözünə dik baxaraq şəhadət yolunu həyat amalı seçdilər.


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşmənlərin üzərinə təkbaşına gedərkən geri dönməyəcəyini bilirdi, valideynlərinə ünvanladığı məktubunda “Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim” yazmağı da təsadüf deyildi. Pəncəli Teymurovun da ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. Və o, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin” demişdi. Bu gün şəhadətinin birinci ildönümü tamam olan Vüsal Kazımov da İkinci Qarabağ savaşına könüllü yollanmışdı. Atasına “mən getməsəm, o getməsə, hərə bir bəhanə ilə daldalansa, kim bu vətəni qoruyar?” demişdi və Kamran müəllimin sözü ilə desək, “sanki döyüşə, cəhbəyə yox, toya, çal-çağıra gedirmiş kimi evindən, doğmalarından şad-xürrəm ayrılmışdı! Evdə iki körpə qız uşağı da Vətənə olan məhəbbətinə sədd ola bilməmişdi Vüsalın. Düşmənə olan intiqam hissi ilə, qələbə əzmi ilə müharibəyə yollanmışdı Vüsal Kazımov.


Ölümün üstünə gülə-gülə getmək hər oğulun işi deyil amma ilk baxışdan mülayim, xarici görünüşcə də zəif görünən bu oğlanda ruhu mətinlik kökdən gəlirdi. İkinci Dünya müharibəsinin qəhrəman döyüşçülərindən olan ata babası Şahverən kişinin döyüş yolu barədə tez-tez paylaşımlar etməsi göstərir ki, qəhrəmanlıq Vüsalın qanında, canında imiş, məqamını gözləyirmiş. Ümumiyyətlə, onun sosial şəbəkələrdəki bütün paylaşımları demək olar ki, vətənpərvərlik və qəhrəmanlıq ruhundadır. Aprel döyüşlərinin qəhrəmanları haqqında yazdıqlarını bu gün Vüsalın özünə də aid etmək olar.

Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edən Vüsal Kazımov ailəsi ilə sonuncu dəfə 26 oktyabrda əlaqə saxlamışdı. Ondan sonra noyabrın 29-na kimi ondan bir xəbər çıxmadı. 29 noyabrda isə Şuşa ətrafı döyüşlərdə qəhrəmanlıqla şəhid olması xəbəri gəldi, vətən bayrağına bükülü tabutu ilə birgə! Həmin gün igid şəhidin matəmini göylər də saxladı.Göz açmağa imkan verməyən o leysan yağışda belə Vüsalın dəfninə bütün Lənkəran yığışdı, yaxın-uzaq rayonlardan tanıyan bilən, eşidən özünə mənəvi borc bildi dəfnə qatılmaqla ona son vida borcunu vermək istədi.


Bir ildir ki, Zəfər şəhidi Vüsal Kazımov aramızda yoxdur. Bu boşluğu hamı, ilk növbədəsə, doğmaları hiss edir. Yadımdadır, oğlundan xəbər çıxmayan günlərdə Kamran müəllim işdə qalır, evə getmək istəmirdi. Vüsalın qızı, atasına çox bağlı olan 6 yaşlı Nurayın “baba, indi get növbədə sən qal, qoy atam gəlsin evə” sözlərinin müqabilində deməyə söz tapa bilmədiyindən nəvəsindən gizlənirdi...

Deyirlər, torpağın üzü soyuqdur, hər yanğını soyudur. Balaca Nuray bu il 1-ci sinfə atasız yollandı, Aynur dil açıb “ata” deyəndə atası yanında olmadı...Amma bir həqiqət var ki, Vüsalı heç kim unutmadı. Nə məzunu olduğu Lənkəran Dövlət Universitetinin kollektivi, nə direktoru olduğu Lənkəran şəhər gənclər və idman idarəsi, nə də doğmaları, tanıdıqları.

Şəhadətindən bu günə qədər hər gün sosial şəbəkələrdə, informasiya portallarında haqqında paylaşımlar edildi, xatirəsinə kitablar yazıldı, şeirlər ithaf olundu.

Bu gün böyük fəxarət hissi ilə qeyd edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda" ,"Xocavəndin azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə"və "İgidliyə görə" medalları ilə təltif edilib.

Bu gəlimli-gedimli dünyadan gec-tez hamı gedəridir. Ölüm haqqdır. Ölümü ölümsüzlüyü ilə öldürən qəhrəman, şəhadətinin bir ili mübarək!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR