Canni De Byazi: "İndiyədək etdiklərimizdən daha yaxşılarını bacara bilərik"

Müqavilə müddəti 2022-ci ilin oktyabrınadək uzadılan futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Report-a müsahibə verib.

Metbuat.az xəbər verir ki, baş məşqçi yeni qrupun 2022-ci il dünya çempionatının seçmə mərhələsinə nəzərən asan olacağını deyib:

- Yeni müqavilə münasibətilə sizi təbrik edirik. AFFA İcraiyyə Komitəsinin bu qərarı sizə milli komandada daha hansı işləri görmək imkanı yaradacaq?

- Təbriklərə görə təşəkkür edirəm. Ümidvaram ki, dekabrın 16-da UEFA Millətlər Liqasının püşkatmasında bizə uyğun qrup düşəcək və bu qrup 2022-ci il dünya çempionatının seçmə mərhələsinə nəzərən asan olacaq. Futbolçuları artıq daha yaxşı tanıyıram, bəzi zədəli futbolçuların da sıraya dönəcəklərinə ümidvaram. Bunları nəzərə alsaq, düşünürəm ki, bunadək etdiklərimizdən daha yaxşı nələrisə bacara bilərik.

- Qarşınıza UEFA Millətlər Liqasında qrupdan çıxma məqsədi qoyulmayıb?

- Hələlik kimlərə qarşı oynayacağımızı bilmirik. Buna görə də indidən məqsədlər barədə nə isə demək üçün çox tezdir. Qrupumuz müəyyənləşəndə öz məqsədlərimiz haqqında danışa bilərik. Bayaq dediyim kim,i bütün zədəli oyunçuların qayıtmaları da çox vacibdir.

- Bəs özünüz yerli mütəxəssislərdən kimi Azərbaycan millisinə rəhbərlik etməyə hazır səviyyədə sayırsınız?

- Bu barədə heç bir ideyam yoxdur, heç birini yaxından tanımıram. Biri var Azərbaycan səviyyəsində, biri də var beynəlxalq miqyasda çalışmaq. Nəzərə almaq lazımdır ki, sənin avtomobilin zəif, başqasının maşını isə səninkindən daha sürətli hərəkət edir.

- Yəni, hazırda yığmanın baş məşqçisi olmağa elə bir yerli mütəxəssis yoxdur?

- Özüm də baş məşqçi olduğumdan, bu suala cavab verməyim düzgün deyil. Bir nəfərin adını desəm, digərlərinin məndən zəhləsi gedəcək (gülür - E.M.)

- Belə söz-söhbətlər var ki, müqaviləniz maaşınızın azaldılması şərti ilə uzadılıb...

- Bu barədə danışmamışıq. Siz hər şeyi məndən çox bilirsiniz (gülür).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR