"Yeni qanun layihəsi beynəlxalq əlaqələrin gücləndirilməsinə müsbət təsir edəcək" -

"Hazırki vəziyyətdə media, jurnalistika sahəsi diqqətdə saxlanılır və bununla bağlı islahatlar aparılır. Bu gün media haqqında belə bir qanunun qəbul edilməsi düzgün addımdır və mediada müsbət irəliləyişlərə səbəb olacaq".

Bu sözləri Metbuat.az-a ötən gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən “Media haqqında” qanun layihəsindən danışarkən deputat Arzu Nağıyev söyləyib.

Azərbaycan mediasının dünya mətbuatı ilə əlaqələri, dünyaya çıxışı məsələsinə gəlincə, deputat hesab edir ki, informasiya müharibəsində yeni imkanlar baxımından sözügedən qanun layihəsi əhəmiyyətli məqamlar vəd edir:

"İkinci Qarabağ müharibəsi dönəmində ölkəmiz üçün vacib məsələlərdən biri də informasiya müharibəsi oldu. Hətta Ali Baş Komandan İlham Əliyev də müxtəlif dillərdə informasiya müharibəsi apardı. Müharibə bitsə belə bu gün də reallıqlarını dünyaya çatdırmaq üçün Azərbaycanın media sahəsi tənzimlənməlidir. Ona görə də, fikrimcə, "Media haqqında” qanun layihəsi ölkəmizdə medianın inkişafına ciddi təkan verəcək və Azərbaycan mediası dünyaya inteqrasiya edəcək. Bu qanun birinci oxunuşda Milli Məclisin Plenar iclasında tövsiyə olunub və yəqin bunun müzakirəsi də keçiriləcək. Ümumi baxdıqda, burada çap mediası üçün, audovizual media üçün, eyni zamanda, saytlar, jurnalistlər, agentliklər üçün maddələr yer alıb. Bunun ciddi müzakirəsi də olacaq".


Arzu Nağıyev qeyd etdi ki, qanun qəbul edilərsə, artıq jurnalist kim olduğunu, medianın mahiyyətini, media subyektlərinin səlahiyyət və öhdəliklərini tam dərk edəcək".

"Media sahəsinin tənzimlənməsi ciddi media qurumlarının inkişafına dəstək verəcək. Hazırda Azərbaycan reallığını dünyaya çatdırmaq üçün bir neçə dildə fəaliyyəti təmin etmək, xarici media qurumlarının bizə istinad etməsinə nail olmaq, dünyaya inteqrasiya baxımından medianın inkişafına təkan vermək önəmli məsələdir. Ona görə düşünürəm ki, yeni qanun layihəsindən irəli gələn tələblər informasiya sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsinə də müsbət təsir edəcək".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR