Ankara-İrəvan münasibətləri Putinin ürəyincə deyil:

"Son vaxtlar baş verənlər, o cümlədən kommunikasiyaların açılması barədə danışıqlar Ankara-İrəvan münasibətlərinin yeni mərhələsindən xəbər verir".

Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Kənan Novruzov edib. Onun şərhinə görə, Ermənistan tədricən anlamağa başlayır ki, onun üçün ən ideal variant məhz konstruktiv mövqe sərgiləməkdir. Əks halda- sadəcə Rusiya ilə Qərb arasında manevr etməklə nəyəsə ola bilməyəcəyini başa düşür.

"Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranması müəyyən mənada Qərbin maraqlarına cavab verir. İlk növbədə ona görə ki, NATO ölkəsi olan Türkiyə bəzi məqamlarda Avropanın regiondakı təmsilçisi hesab olunur. Qərb gələcəkdə Cənubi Qafqazda təsir gücünün artacağını düşünə bilər. İkinci bir tərəfdən isə başda ABŞ olmaqla, bəzi dövlətlər Rusiyaya qarşı "əllərinin güclənəcəyini" fikirləşirlər. Ankara- İrəvan münasibətləri Vaşinqtondan fərqli olaraq, Moskvanın ürəyincə deyil. Çünki Kreml bu halda Ermənistanın onun öz orbitindən çıxa biləcəyini, ən azından daha sərbəst olacağını bilir. Əsas məsələ ondan ibarətdir ki, qardaş dövlət hibrit siyasət yeridir. Türkiyə ABŞ və Rusiya arasında balanslaşdırılmış diplomatiya yolunu tutmaqla ciddi dividentlər əldə edir. Bu, həmin dövlətlərin özlərinin də Ermənistanla bağlı məsələdə müxtəlif səviyyədə Türkiyə ilə dialoqa gedə biləcəklərini istisna etmir".

K.Novruzov xüsusilə vurğuladı ki, onlar Türkiyə ilə münasibətləri qorumaqla həm də regiondakı mövcudluqlarını sığortalamaq istəyəcəklər. Çox vaxt olduğu kimi, yenə də konstruktiv ssenari ərəfəsində Rusiyanın "suları bulandırmağa" çalışması və bu məqsədlə Ermənistana təzyiqlərin artırılması mümkündür.

"Bütün hallarda Türkiyənin ardıcıl, davamlı və qətiyyətli siyasəti bölgəni sülh və sabitliyin formalaşmasına, o cümlədən altılıq platformasının yaranmasına doğru aparır".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanla əlaqələrin normallaşmasından danışmışdı. O, bildirmişdi ki, bunun üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin ediləcək. ABŞ dövlət katibi Entoni Blinken isə "Tvitter" hesabındakı paylaşımda sözügedən təşəbbüsü yüksək qiymətləndirib. Diplomat bunu məmnuniyyətlə qarşıladığını və tam dəstəklədiyini vurğulayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR