İkinci Əfqanıstan senarisi təkrarlanır:

Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

Metbuat.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan Qazaxıstana göndərilməyə hazırlanırlar. Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

Bu barədə açıqlama verən siyasi şərhçi Turan Rzayev bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsi yanlış qərar idi. Kreml göz görə-görə bu addım ilə həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda ikinci Əfqanıstan senarisinin yaranmasına imkan verdi.


“Məsələ ondadır ki, KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur. Belə ki, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Bu zaman sual yaranır: Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gəlməsinə razılıq verib? Hər nə qədər etirazların pərdəarxasında Rusiya olsa da təqdim edilən görüntü qazax xalqının etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin5-ci bəndindən istifadə hüququ tanımır”.

Siyasi şərhçi düşünür ki, Qazaxıstan ikinci Əfqanıstan senarisi ilə üz-üzə qalıb. Kremlin mövcud vəziyyətin gələcəkdə həm özü üçün, həm də Qazaxıstan üçün doğura biləcəyi ağır nəticələrin fərqində deyil. Müsahibimiz onu da vurğuladı ki, KTMT-nin Qazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsin gətirib çıxaracaq.

“Onsuz da dini radikalizmə meyilli olan qazax cəmiyyəti ruslara qarşı nifrətini radikalizm və ekstimizm formasında göstərəcək. Bu isə öz növbəsində regionda ikinci Taliban bəzəri hərəkatın yaranmasına, ikinci Əfqanıstan ssenarisinin ortaya çıxmasına gətirib çıxara bilər.Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyada radikal islamçılıq müeyilləri hər zaman güclü olub. Ehtimal işğal təhdidi və ya bu düşüncə belə əks hərəkət kimi radikalizmin canlanmasına gətirib çıxara bilər. Prinsip etibarilə radikal islamçı qazaxlara silahlı dəstək verəcək Taliban, İŞİD kimi qruplaşmalar, FETÖ terror təşkilatı kimi ideoloji qanadlarda mövcuddur. Bu isə nəinki Kreml və KTMT üçün problem olacaq, qazax xalqına da ciddi zərər vuracaq”.

Baş verənlərlə bağlı siyasi şərhçi Asif Nərimanlı düşünür ki, Nazarbayevin ölkədən getdiyi xəbərlərinin yayılması, yaxın qohumunun həbsi göstərir ki, Qazaxıstanda siyasi elitanın mübarizəsi gedir, proseslərin inkişafında da bu amil əhəmiyyətli rol oynayıb.


“Hələki güclü tərəf rusları ölkəyə çağıran Tokayevdir.Tokayev hakimiyyətini müəyyən müddətdə qoruya biləcək, lakin qanın tökülməsi və rusların bu prosesdə iştirakı qazaxların, xüsusilə millətçi kəsimin barışmayacağını deməyə əsas verir: proses səngisə də, davamlı olacaq. Onu da qeyd edim ki,Türk birliyinin proseslərlə bağlı aktivləşməsi fonunda etiraz meydanında “silahlı sülhməramlı sülhməramlı deyil” şüarının peyda olması da təsadüfi deyil”.

Bir neçə gündür ölkə mediasında Qazaxıstanda baş verən hadisələrin Azərbaycanda 20 yanvar hadisələrinə bərabər tutulması da müzakirələrə çıxarılaraq müxtəlif aspektlərdən şərh edildi.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bu barədə açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyəti Qazaxıstandakı olaylarda Rusiyanın artan fəallığından narahatdır. Politoloq deyir ki, bu vəziyyətdə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının gücləndirilməsinin aktuallığı artır.


“SSRİ-nin xisləti ilə yaşayan Kreml sahibi qonşu dövlətləri bərabər hüquqlu tərəfdaş kimi deyil, Rusiya imperiyasının qalıqları hesab edir. Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının gücləndirilməsi çərçivəsində Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsindən tutmuş iki qardaş ölkə arasında konfederasiya müzakirələrinin başlamasına qədər bəndlər yer almalıdır. Başqa alternativimiz yoxdur”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR