MEDİA ilə əməkdaşlığın Metbuat.az-a verdiyi töhfələr -

Artıq bir ildən çoxdur ki, Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mətbuatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. Bu islahatlardan biri də MEDİA tərəfindən onlayn media subyektlərinin inkişafı, onların maliyyə, habelə iqtisadi baxımdan problemlərinin həlli üçün görülən işlərdir.

Ötən ilin iyul ayında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini açıqladı.

Mətbuat sahəsində atılan ilklərdən biri də bu layihə çərçivəsində qalib elan olunan hər bir onlayn media subyektinə 3000 manat maliyyə yardımı verilməsi idi. Bu yardımın reallaşdığı dövr ərzində onlayn media subyektinin işçiləri minimum 600 manat əməkhaqqı almağa müvəffəq oldular. Yardımın digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməliydi.

Qalib elan olunan saytlar sırasında Metbuat.az da var idi. Bu müddət ərzində Medianın İnkişafı Agentliyinin dəstəyini olduqca yüksək qiymətləndirən Metbuat.az xəbər saytının da daxil olduğu RMEDİA MMC-nin rəhbəri Ramil Mirzəyev bildirdi ki, media sahəsində islahatlar kifayət qədər əhatəli prosesdir. Elə məsələlər var ki, bu, daha çox istək və iradə ilə bağlıdır.

Ramil Mirzəyev MEDİA-nın fəaliyyətinə və keçirdiyi layihələrə toxunaraq vurğuladı ki, məhz bu yardımlar sayəsində onlayn media qurumlarının maddi-texniki bazası yenilənərək, işçilərin də sosial rifah halı qismən yüksələcəkdir.


“Məlumdur ki, onlayn media uzun müddət maliyyə yardımından kənarda qalmışdı. MEDİA-nın fəaliyyəti nəticəsində onlayn mediaya da maliyyə dəstəyi verilməsinə başlanılıb. Agentliyin elan etdiyi onlayn media subyektlərinə dəstək layihəsi üzrə müsabiqədə qalib olan 39 sayt arasında Metbuat.az da var. Agentlik tərəfindən ayrılan maliyyə yardımı saytın texniki imkanlarının artırılmasına, əməkdaşların rifah halının yaxşılaşdırılmasına xərclənir. Xüsusilə qeyd etmək istəyirəm ki, Agentlik mütəmadi olaraq jurnalistlər və media subyektləri üçün təlim, seminar müsabiqə və media turlar həyata keçirir. Saytımızın əməkdaşları bu tədbirlərdə həvəslə iştirak edirlər. Düşünürəm ki, peşəkarlığın artırılmasında bu kimi təlimlərin keçirilməsi əvəzsizdir. Əməkdaşlarımızın aldığı sertifikatlar, keçdikləri təlimlər iş prosesində də müsbət təsirini göstərir”.

Ramil Mirzəyev qeyd etdi ki, ilk müsabiqənin elan olunmasından altı ay vaxt keçsə də, bu müddət ərzində saytın xəbərlərinin oxunma sayı, keyfiyyəti, eləcə də sayta daxil olan oxucuların sayında artım qeydə alınıb.

“Belə ki, 6 ay ərzində saytımızdan 3 milyon 462 min oxucu informasiya əldə edib. Bu müddət ərzində xəbərlərimiz 26 milyon 453 min 630 dəfə oxunub. Aylıq oxucu sayı 1 milyon civarındadır. Növbəti aylarda ay üzrə oxucu sayının davamlı şəkildə milyonu ötməsi hədəflərimiz arasındadır”.

Medianın peşəkarlıq səviyyəsini yüksəltməyin daim Agentliyin gündəmində və diqqətində olduğunu xatırladan Ramil Mirzəyev onu da vurğuladı ki, məhz bu dəstək sayəsində gələcəkdə saytın fəaliyyətində də yeniliklər, informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənən layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Qeyd etmək istərdim ki, iki ay əvvəl yeni “Mətbuat TV” adlı "Youtube" kanalımız fəaliyyətə başlayıb. Qısa müddət ərzində yaranmasına baxmayaq, təqdim etdiyimiz videolar 10 minlərlə baxış sayı əldə edir. Növbəti hədəflərimiz arasında saytımızın xarici dil imkanlarını artırmaq, qlobal mediaya çıxış imkanı qazanmaq da yer alır. Bu uğurların əldə olunmasında Medianın İnkişafı Agentliyinin dəstəyi əvəzsizdir”.

Müasir cəmiyyətimizdə mövcud fərdlərin doğru, qərəzsiz, vicdanlı xəbərlə təmin olunmasında jurnalistika faydalı sayılan peşə sahələrindən biridir. Həkimin xəstəsinə etdiyi dəqiq müalicə, müəllimin şagirdinə verdiyi biliyin önəmi qədər jurnalistin də cəmiyyətdə baş verən hadisələrin həllində rolu böyükdür. Ona görə bu sahədə fəaliyyət göstərən, peşəkar və faydalı olmağa çalışan hər bir jurnalistin informasiya ilə bağlılığını nəzərə alaraq, onların işinə yanaşma da birmənalı olmamalıdır. Çünki hər birimiz sözün hökmünün nəticələrini çox yaxşı bilirik. Dolayısıyla problemlərin, yeniliklərin, inkişafın apardığı hər bir küçənin döngəsində jurnalist əməyinin izləri, xidmətləri o sahədə qazanılan uğurların açarına bərabərdir desək, yanılmarıq. Odur ki, qarşıda peşəsinə ruhən və qəlbən bağlı olan media mənsublarının peşəkarlığının artırılması, onların sosial rifahının təmin edilməsi və təhlükəsizliyinin qorunması üçün görüləcək çox işlər var. Əminik ki, Medianın İnkişafı Agentliyi bu yolda jurnalistlərə işıq olub, onların arzularının gerçəkləşməsi yolunda mühüm işlərə imza atmaqda davam edəcəkdir".

MEDİA-nın bütün kollektivini təbrik edir, milli mətbuatımızın inkişafı yolundakı fəaliyyətlərində uğurlar arzulayırıq!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR