"Qara Yanvar" - müstəqilliyə aparan yol: Ekspertdən tarixi faktlar

"Qədim dövlətçilik ənənələri, yeraltı və yerüstü sərvətləri, milli-mənəvi dəyərləri, ictimasi-siyasi və mədəni xadimləri ilə dünyada məşhur olan Azərbaycan dövləti və xalqı qədimdən günümüzə kimi həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrıseçkilik siyasəti etmiş, torpaqlarımız işğal edilmiş, Azərbaycan xalqı tarixi Azərbaycan torpaqlarından köçürülmüş, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Belə qanlı faciələrdən biri də - Azərbaycan xaqının tarixinə düşmüş “20 Yanvar” faciəsidir".

Bu açıqlamanı Metbuat.az-a AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı edib. Müsahibimiz faciənin tarixinə nəzər salaraq bildirdi ki, 1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri Mixayıl Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti yürüdürdü. Tarixçi vurğuladı ki, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Azərbaycan xalqının milli azadlığını boğmaq, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr, 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bununla da Azərbaycan xalqı öz azadlğını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü.

Dövlət müstəqilliyin daimi olsun, Türkiyə -

"1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Bakının Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən SSRİ ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu".

Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın...


"Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər. Bakı qarnizonunu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmiş. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək Sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməmişdir. 1990-cı il yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı".

Qeyd edək ki, Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR