Sarkisyanın qəfil istefası: Nikolun planları pozuldu

"Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur. Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sarkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sarkisyan təklif edərkən bilirdi. Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sarkisyanı devirərək seçki yolu ilə baş nazir oldu".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Armen Sarkisyanın istefasını şərh edərkən səsləndirib.

Onun fikrincə, Sarkisyan qəfil istefası ilə Nikol Paşinyanın planlarını alt-üst edib:

"Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı nəticə fərqli olardı”. Ən maraqlısı odur ki, Armen Sarkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma.

Armen Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sarkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sarkisyanın qəfil istefasından sonra Paşinyan Kontsusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq".

Qeyd edək ki, bu gün axşam saatlarında Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib. O istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Sarkisyan bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. Sarkisyan, həmçinin əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR