XTQ-nin qəhrəman şəhidi Amal Qarayevin xatirəsi yad edildi -

Vətən sevgisi insan ruhunu oxşayan, ürəyin bütün tellərinə toxunan ən ülvi hissdir. Doğulduğun, göz açıb da gördüyün torpaq Vətənindir.

44 günlük Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimiz qətiyyəti, şücaəti, yerə-göyə sığmayan vətən sevgisi ürəyimizi dağa döndərdi. İkinci Qarabağ müharibəsində son damla qanına qədər döyüşən və şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Amal Qarayevdir.

Metbuat.az xəbər verir ki, Amal Ədalət oğlu Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də isə Amal Qarayev Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olaraq, doğulduğu Yardımlı rayonunda dəfn edilib.


Ötən gün Amal Qarayevin doğum günündə Yardımlı rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, döyüşçü yoldaşları, qazilər, məktəblilər onun məzarı önünə toplaşaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Səfərbərlik üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi Yusuf Əhmədov çıxış edərək Amal Qarayevin təltif edildiyi üçüncü dərəcəli “Rəşadət” ordenini şəhidin ailəsinə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Amal Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.




Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR