Yeni dünya nizamı formalaşır -

"Rusiya Ukrayna ətrafına və Qara dənizə cəmləşdirdiyi qoşunları Qərbə qarşı əzələ nümayiş etdirsə də nə taktiki, nə də strateji baxımdan hədəflərinə çatmayaq".

Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun şərhinə əsasən, baş verən proseslər fonunda ABŞ-ın əsas planlarından biri Ukraynanın Donbasa hücum etməsi ilə Rusiya qarşı sanksiyaları tətbiq etmək və xalqın Putinə qarşı potensial etirazını formalaşmasına nail olmaqdır. Bu addımla da ABŞ Rusiyanı daxili problemlərə sövq etmək istəyir.


"Məhz Moskva daxili problemi xarici düşmənlə əvəz etmək üçün Ukrayna ilə Donbasda münaqişəyə getməsi mümkündür. Belə olan təqdirdə Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək. Ukraynanın geniş ərazilərini işğal etmək Putinin hakimiyyətinin iflası deməkdir. Ümumiyyətlə, Rusiya tərəfi Şərqi Avropanı və post-sovet məkanını öz təsir dairəsinə almaq üçün yazılı təminat istəyir. Vaşinqton post-sovet məkanı ilə bağlı Çinə qarşı mövqeyini gücləndirmək üçün güzəştə gedə bilər. Amma, Rusiya təkcə bununla kifayətlənmək istəmir".

Müsahibimiz qeyd etdi ki, ABŞ və Rusiya arasında mövcud siyasi böhran Cənubi Qafqaza da təsir edəcək. Azərbaycanın Rusiya ilə normal əlaqələrinə baxmayaraq Kremlin Azərbaycana təzyiqlər etməsi mümkündür. Türkiyə faktoru bu təzyiqləri neytrallaşdıracaq.

"SSRİ dağıldıqdan sonra bir qütblü siyasi nizam formalaşıb. Rusiya bununla barışmır. Hazırda yeni dünya nizamı formalaşır. Rusiya konkret öz təsir zonasına malik olmağa çalışır. ABŞ və müttəfiqləri Rusiyanın bu siyasətinə qarşı adekvat addımlar atır. Əgər, Rusiyaya imkan tanınsa, qonşu ölkələr təhlükəsizlik problemləri ilə üz-üzə qala bilər".

Qeyd edək ki, ABŞ Rusiya arasında Ukrayna fonunda davam edən böhran hər iki tərəfin maraqları kontekstində davam edir. Rusiyanın ABŞ verdiyi təkliflərə, Vaşinqton yazılı cavab verib. ABŞ Rusiyanın təkliflərinə mənfi cavab verib. İctimaiyyətə cavab açıqlanmasa da Rusiyadan verilən cavablar onu göstərir ki, Moskva hərəkətə keçəcək.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR