"Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" -

34 il bundan əvvəl - 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.

Bu barədə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a bildirdi ki, Sumqayıtda baş verən hadisələr Azərbaycan xalqının XX əsrin 80-cı illərində başlayan milli azadlıq hərəkatını boğmaq üçün Sovet İttifaqının xüsusi xidmət orqanlarının erməni terror siyasi qruplaşmaları tərəfindən təşkil edilmişdi.

Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.


“İndiyə qədər aparılmış tarixi tədqiqatlar göstərir ki, Sumqayıtda baş verən hadisələrdən daha öncə İrəvanda başlanan kütləvi mitinqlərdə azərbaycanlılara, türklərə qarşı nifrət çağırışları səsləndirilmişdir. Eyni zamanda hadisə və proseslərin təhlilindən o da aydın olur ki, Sumqayıtda baş verən hadisələr erməni terror, siyasi dəstələrinin Ermənistan SSR rəhbərliyinin birbaşa dəstəyi ilə törətdiyi təxribat aktları olmuşdu. Təhlillərdən o da aydın olur ki, hadisələrin baş verdiyi dövrdə Sumqayıtda qətlə yetirilən erməni milliyyətindən olan şəxslərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Əvvəlcədən erməni terror siyasi təşkilatları tərəfindən onların siyahıları müəyyənləşdirilmiş və bu siyahılar üzrə ayrı-ayrı mənzillərə hücumlar edilmişdir. Təbii ki, erməni terror siyasi təşkilatlarını və onların təmsilçilərinə bu cür şəraiti yaratmaqda Sovet xüsusi xidmət orqanlarının məqsədlərindən biri milli zəmində bölgədə ədavəti qızışdırmaq, sonrakı dövrdə isə sovet ordusunun Qafqazdakı müxtəlif şəhərlərə, o cümlədən Bakıya cəza dəstələri göndərilməsinə şərait yaratmaq idi”.


1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub.

“Baş verən hadisələrdən sonrakı dövrdə ciddi cəhdlə cinayəti törədənlərin gizlədilməyə çalışılması, buna baxmayaraq cinayəti törədən şəxslər arasında Eduard Robertoviç Qriqoryan adlı erməni olmasının aşkara çıxarılması bir daha qeyd etdiklərimizi sübut edir. Məhz bu cür hadisələr bölgədə milli zəmində proseslərin nəzarətdən çıxmasına gətirib çıxardı. Ermənilər çalışdılar ki, bu hadisələri törətməklə dünyaya hay-həşir salsınlar, Azərbaycan ərazilərinin işğalı üçün münbit şərait yaratsınlar. Sovet İttifaqı rəhbərliyi isə hesab edirdi ki, bu cür prosesləri gərginləşdirməklə Azərbaycana müdaxilə edib, azərbaycanlıların milli azadlıq hərəkatının qarşısını almaq olar”.

Elnur Kəlbizadə qeyd etdi ki, Sumqayıt hadisələri ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, faktlara söykənən istintaq materialları həmin ixtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsini sübuta yetirib.

“1988-ci ilin fevral hadisələrindən sonrakı dövrdə proseslərin daha da gərginləşməsi 1990-cı ilin 20 yanvarında Sovet İttifaqının qoşunlarının Bakıya müxtəlif bəhanələrlə yeridilməsinə səbəb oldu. Lakin Sovet İttifaqı qoşunlarının cəzalandırma missiyası nəinki uğurla yekunlaşmadı, əksinə, Azərbaycan xalqının ölkənin müstəqilliyinə olan inamını daha da möhkəmləndirdi. Bunun əyani sübutu kimi 20 yanvar hadisələrini göstərmək olar. “Qanlı yanvar” faciəsi Azərbaycan xalqının müstəqilliyə gedən yolda mühüm dönüş nöqtələrindən biri oldu”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR