​Rusiyanı tərk edən "PayPal" Ukraynaya gəldi -

Qlobal ödəniş sistemi olan "PayPal" artıq Ukraynada tam funksionallığı ilə fəaliyyətə başladığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, indiyədək "PayPal" bu ölkədə bizim ölkəmizdə olduğu kimi qismən fəaliyyət göstərirdi. İstifadəçilər yalnız internetdə hansısa xidmətləri və ya malları almaq üçün ödəniş edə bilərdilər. İndi isə ukraynalılar "PayPal" vasitəsilə ödənişləri qəbul edə və bu sistemə inteqrasiya olunan kartlar vasitəsilə pul köçürə biləcəklər.

"PayPal ukraynalılar üçün bu xidmətdən istifadə ilə bağlı rüsumları da sıfırlayıb. 30 iyun tarixədək ukraynalılar bu xidmətdən pulsuz istifadə edəcəklər. Xatırladım ki, bir müddət öncə Ukraynanın Rəqəmsal Transformasiya naziri PayPal-ın Ukraynada tam funksionallığı ilə bağlı fəaliyyətinin təmin edilməsi haqqında bu qurumun rəhbərliyinə müraciət ünvanlamışdı. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı "PayPal", həmçinin "Xoom", "Wise" və "Remitly" ödəniş sistemləri də Rusiyada fəaliyyətlərini dayandırıblar. Ümid edək "PayPal" yaxın zamanlarda bizim ölkəmizdə də tam funksionallığı ilə fəaliyyətə başlayacaq.

Osman Gündüz onu da qeyd etdi ki, "PayPal"un Azərbaycanda fəaliyyət göstərməsi üçün Mərkəzi Bank və Milli Məclis 7 il ərzində qəbul edə bilmədiyi "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında " qanunu qəbul etməlidirlər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın və dünyanın iri elektron ödəniş sistemi - “PayPal”ın Azərbaycanda tam fəaliyyət göstərməsi üçün işlər aparıldığı barədə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirmişdi ki, "PayPal"un ölkəmizdə tam fəaliyyət göstərməsi üçün müəyyən işlər görülməlidir. Xüsusilə, bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR