NATO yenidən DİRÇƏLDİ:

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclasından sonra liderlər Moskvaya hücumu dayandırmaq, danışıqlar masasına gəlmək çağırışı etsələr də, Rusiyanın Ukraynada hücumuna birbaşa təsir edəcək qərar çıxmadı.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, toplantıda Ukrayna prezidenti Volodimir Zelenskini və xalqını dəstəkləyən mesajlar verilsə də, Qərb cəbhəsində dəyişən mühüm bir şey baş vermədi.


"İclasda üzv dövlətlər Kiyevə siyasi və hərbi dəstəyin davam etdirilməsi qərarına gəldilər. Qaldırılan bu məsələ apreldə keçiriləcək toplantıda yenidən müzakirə olunacaq. Burada diqqət çəkən məqamlardan biri ABŞ prezidenti Coi Baydenin açıqlaması oldu. Bayden NATO zirvəsindən sonra bildirib ki, Rusiya Ukraynada kimyəvi silah istifadə edəcəksə, qarşılıq veriləcək, lakin cavab addımlarının miqyası kimyəvi silahın istifadə miqyasına bağlı olacaq. Yəni daha az kimyəvi silah istifadə etsələr, cavab da yumşaq, daha çox istifadə etsələr, sərt olacaq.ABŞ prezidenti eyni məntiqi Rusiyanın Ukraynada işğal hücumuna başlamamışdan öncə də irəli sürmüş, işğalın miqyası az olarsa, sanksiyalar da az, çox olarsa, sanksiyalar da çox olacağını açıqlamışdı. Fikrimcə Baydenin bu məntiqini anlamaq çətindir. Çünki miqyasından asılı olmayaraq, işğala da, kimyəvi qırğın silahından istifadəyə də cavab eyni olmalıdır".

Siyasi şərhçi Şahin Cəfərli isə düşünür ki, ABŞ və müttəfiqlərinin mümkün cavab tədbirləri ilə bağlı ssenarilər hazırlamaqdır.


"Ağ Evdə bu məsələ ilə əlaqədar "Tiger Team" adlandırılan xüsusi qrupun yaradıldığı məlum olub. Bu qrupun vəzifəsi Rusiyanın kütləvi qırğın silahlarından istifadə eyni zamanda Ukraynaya hərbi yardım daşıyan NATO konvoylarına zərbə endirəcəyi və ya Putinin müharibəni qonşu ölkələrə, o cümlədən Moldova və Gürcüstana yayacağı təqdirdə ona qarşı cavab planı hazırlamaqdır. Ümumiyyətlə artıq Avropadakı ABŞ hərbçilərinin sayı 100 minə çatıb. Halbuki 1 il əvvələ qədər 65 min idi. Putin öz "dahiyanə" siyasəti nəticəsində Avropanı təkrar ABŞ-ın ətrafında sıx birləşdirdi və NATO-ya ikinci nəfəs verdi. Hər şey plana uyğun davam edir" deyə Şahin Cəfərli fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR