Brüssel görüşündən GÖZLƏNTİLƏR:

"Brüssel görüşündə sülh müqaviləsi üzrə danışıqların davamlı aparılması və real nəticələrə uyğun olaraq addımların atılması razılaşdırılacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə gələn həftə Avropa İttifaqının vasitəçilyi ilə Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışarkən deyib. Analitin şərhinə görə, Moskvadan fərqli olaraq Brüssel sülhün əldə edilməsində maraqlıdır və maksimum çalışır ki, buna nail olsun.

"Ermənistanın Qarabağda etnik ermənilərin "statusunu" qabartması mümkündür. Avropa İttifaqı danışıqlar prosesində bu məsələləri müzakirə etməyəcək. Çünki, bu kimi məsələlərin gündəliyə gəlməsi, Rusiyanın maraqlarına cavab verməməklə bərabər sülhün əldə olunmasının qarşısını alır. Amma rəsmi Bakı da bununla razılaşmayacaq. Brüssel danışıqlarında qarşıda duran məsələ Qarabağ məsələsi deyil. Əsas məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır".

M. Əsədullazadə bildirdi ki, Azərbaycan tərəfi bu danışıqlara güclü tərəf kimi qatılır. Belə bir danışıqlar Azərbaycandan fərqli olaraq Ermənistana lazımdır. Çünki, Azərbaycanın bu kimi danışıqlara ciddi ehtiyacı yoxdur. İstədiyi məsələləri təzyiq yolu ilə əldə edir. Ermənistan sülh istəyirsə, Azərbaycanın beş maddəlik təkliflərini qəbul etməlidir.

"Ermənistan Brüsseldə əldə olunan razılaşmalara bir müddət əməl etməyə bilər. Amma Rusiyanın Ukraynada məğlubu, Avropa İttifaqının regionda mövqelərini gücləndirməsi fonunda Ermənistana müəyyən təzyiqlərə yol aça bilər. Çünki, Avropa İttifaqı Azərbaycanla əlaqələrə önəm verir və enerji diversifikasiyasında mühüm rol oynayacaq. Rusiyanın regiondan çıxarılması da Brüssel üçün strateji xəttdir. Bunun üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsinə məcbur edilməsi labüddür".

Politoloq qeyd etdi ki, N. Paşinyan ya Moskvanın şərtləri ilə razışmalı, ya da Brüsselin şərtlərini qəbul etməlidir. Brüsseldə keçiriləcək görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması əsas danışıqlar predmeti olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR