ABŞ-dan Ermənistana zərbə: İrəvanın Qarabağ istəyinin üzərindən XƏTT ÇƏKİLİR / ŞƏRH

ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması ermənilər üçün gözlənilməz olub.

Bayden administrasiyasının ABŞ Konqresini 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırması bunu deməyə əsas verir. Bu məbləğ 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Eyni zamanda, ABŞ 2022-ci ildə Qarabağda minaların təmizlənməsi əməliyyatı üçün qondarma rejimə 2 milyon dollar ödənilməsi barədə qərar qəbul etmişdisə, növbəti il üçün bu yardım nəzərədə tutulmur.

Prezident Bayden Konqresdən 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayrılmasını istəyib. Bu yardıma Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.

Bayden administrasiyasının bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika erməni milli komitəsinin (ANCA) narazılığına səbəb olub. Erməni diasporu və lobbisi də Vaşinqtonun qərarına etirazını bildirib.

Qeyd edək ki, erməni diasporu və lobbisi müdafiə sahəsində ABŞ-ın Azərbaycana maliyyə dəstəyini dayandırmaq üçün fəal kampaniya aparsa da, son hesabat bu təklifin qəbul olunmadığını göstərir.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistana ayırmaların azaldılması bu ölkənin ABŞ üçün ciddi əhəmiyyət kəsb etmədiyini göstərir:

“Bu baxımdan, Azərbaycan üzərində həyata keçirilən regional layihələr ABŞ üçün daha vacibdir. Yardımlar konkret məqsədlərə məqsədlərə ayrılır. Bu vəsaitlər sırf yardım kimi deyil, milli maraqları təmin edilməsi üçün verilir. Maliyyə dəstəyini alan ölkələr ABŞ-ın mənafeyinə xidmət göstərən işlər görür.

Ermənistan ABŞ-ın milli maraqları baxımından nə dərəcədə əhəmiyyətli ölkədir? Ermənistanda ABŞ-ın maraqlarını təmin edən hansı layihələr həyata keçirilir, yaxud Amerikanın regiondakı müttəfiqlərinə müsbət təsir göstərir?

Bunların heç biri baş vermir. Əksinə, Ermənistan Rusiyanın nəzarəti altında olan bir ölkədir. 30 il ərzində ABŞ Ermənistana maliyyə yardımları ayırıb. Bu müddət ərzində Ermənistanın xarici siyasətində hər hansı dəyişiklik etməyib. Ermənistan Amerika üçün strateji əhəmiyyət kəsb edən layihələrdə iştirak etməyib. Bundan fərqli olaraq, Azərbaycanda ABŞ-ın yaxın və uzaq maraqlarına cavab verən layihələrdə iştirak edir. 2019-cu ildə ABŞ Azərbaycana təhlükəsilik məsələləri ilə bağlı yardım ayırıb. Həmin vəsait Əfqanıstandan Azərbaycan və Gürcüstan vasitəsilə Qərbə çıxışı təmin edən logistika layihələrinə hesablanmışdı. ABŞ-ın Əfqanıstandan çıxarılan quru qoşunlarının əksər hissəsi məhz bu yolla daşınıb.

Həmçinin, ABŞ enerji layihələrinin həyata keçirilməsi üçün regiondakı tərəfdaşlarına yardım göstərir. Yaxud Bakı-Tiflis-Qars dəmir yolu xətti ABŞ-ın yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da maraqlarını təmin edən mühüm infrastrukturdur. ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməklə öz maraqlarını təmin edirlər. Qarabağdakı separatçılara gəlincə, əvvəllər ABŞ humanitar yardım adı altında onlara maliyyə verirdi.

Ancaq sonda bu oyuncaq qurum dağıldı və Rusiya sülhməramlılarının nəzarətinə keçdi. İndi Qarabağdakı separatçıların Amerikadan maliyyələşməsi üçün onun heç bir əhəmiyyəti yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR