Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşü məhsuldar adlandırıb

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Şarl Mişel tviter hesabında qeyd edib.

O bildirib ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub. Şarl Mişel gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, görüşdə mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib:

"Biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq", - deyə o bildirib.

Qeyd edək ki, Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR