Azərbaycan İranın “Boz zona”sını bağladı: Brüsseldəki razılaşma İranı qəzəbləndirib - ŞƏRH

Bir neçə gün öncə sosial şəbəkələrdə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanı və Türkiyəni hədələdiyi görüntülərin əks olunan video yayıldı. Həmin videonun əvvəlində təhqiramiz şəkildə İranın şir (fars millətçiliyinin simvolu), Azərbaycanı isə “çaqqal” (qurd metaforası) ilə təmsil olunduğu iddia olunurdu. Hətta kadrlarda Türkiyə və Azərbaycanı silahlarla qorxudularaq, Ermənistanın sərhədlərinin toxunulmazlığı da vurğulanırdı.

İran tərəfinin bu addımı atması barədə ehtimal olunan səbəblərə toxunan siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a bildirdi ki, görünür Brüssel görüşündə Azərbaycan-Ermənistan arasında olan razılıq rəsmi Tehranın maraqları ilə üst-üstə düşməyib.

“Bildiyiniz kimi, həmin müzakirələr əsnasında aprel ayının sonuna qədər birgə komissiya yaradılması nəzərdə tutulub. Bu razılaşma 26 noyabr 2021-ci ildə Soçidə əldə olunsa da, praktiki olaraq Ermənistan tərəfindən heç bir iş görülməmişdir. Təbii ki, aprel ayında nəzərdə tutulan komissiyanın yaradılıb-yaradılmayacağını daha aydın görəcəyik. Düşünürəm ki, müzakirələrdən sonra Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutdu və bu komissiyanın detalları müzakirə edildi. Qərb masasında da Azərbaycan-Ermənistan konteksində eyni razılaşma var. Nəticədə sərhədlərin müəyyən edilməsi məsələsi hər iki tərəf üçün aktualdır. İran tərəfinin SEPAH üzərindən belə bir video yayması məhz həmin sərhədlərin müəyyən edilməsi ilə bağlıdır”.

Ekspert xatırlatdı ki, 44 günlük müharibədən sonra da Qarabağ məsələsində İran bu kimi mövqe sərgiləmişdi. Buna səbəb isə müharibə nəticəsində Azərbaycan İranla olan sərhədin 132 kilometrlik hissəsini də işğaldan azad edilib tam olaraq ölkəmizin nəzarətinə keçməsi idi.

“Buna qədər İran tərəfindən həmin ərazi “Boz zona” idi və orada qanunsuz hərəkətlərini icra edə bilirdilər. Çünki nəzarət yox idi. Hazırda həmin “Boz zona” olmadığından konkret olaraq İran tərəfdən bəzi şəxslərin işində əngəl yaranıb. Zəngəzur dəhlizinin açılması İranın Azərbaycandan asılı vəziyyətə düşməsinə şərait yaradır. Təbii ki, qonşu İranla əməkdaşlıq münasibətlərinə Azərbaycan tərəfi önəm versə də bu Tehran tərəfindən eyni hisslərlə qarşılanmayıb. Buna misal olaraq Gorus-Qafan yolunda yaradılan problemlərə diqqət çəkmək olar. Amma Azərbaycan bu jestlərə münasibətdə İrana qarşı adekvat variantlar təklif edərək, Türkmənistan qazının Azərbaycana idxal edilməsi zamanı tranzit ölkə rolunu İrana həvalə etdi. Digər bir məsələ isə Azərbaycanla-İran arasında imzalanan Şərqi Zəngəzur-Naxçıvan dəhlizinin qurulması ilə bağlı memorandumdur. Bununla yanaşı Fars körfəzi-Qara dəniz marşrutunun açılmasına ilə bağlı da Azərbaycanla müəyyən addımlar atılıb. Yəni İranın hazırda bu qədər razılaşma və təkliflərin qarşılığında SEPAH tərəfindən belə bir addım atmasına səbəb görünmür”.

Asif Nərimanlının fikrincə, İranın Azərbaycan sərhədlərini tanımasına mane olan səbəb Qarabağda olan separatçılarla bağlı ümidini itirməməsindən irəli gəlir. Ekspert onu da qeyd etdi ki, müharibədən öncə Xankəndindəki separatçılarla aktiv əməkdaşlıq edən ölkələrdən biri də İran idi. Qarabağ zəfəri bu kartı İranın əlindən aldı. Sərhədlərin müəyyənləşməsinə qarşı nümayiş edilən bu münasibət Qarabağla bağlı son məsələlərin həllində İranın nəsə əlavə imkanlar əldə etməsinə də işarə ola bilər.

Məlumat üçün bildirək ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin sözçüsü Əli Musəvi ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı videoya münasibət bildirdib. Onun açıqlamasına görə, SEPAH-ın Azərbaycandakı attaşesi kimi fəaliyyət göstərən hərbçinin də yayılan görüntülərin rəsmi mövqe olmadığını qeyd edib.

İran geri addım atdı - Səfir açıqlama verdi:

“Bizim buradakı hərbi attaşemiz SEPAH-dandır. Ondan soruşduq, o da baxdı, SEPAH-ın belə bir saytı (“Twitter” hesabı) yoxdur. Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır və yaxşıya doğru da gedir. Amma ki, hər zaman belə şeylər çıxır, təəssüf”, - deyə Ə.Musəvi əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR