Azərbaycanda ixtisaslaşmış jurnalistikanın yaradılması tövsiyə olunub

Jurnalistikanın mühüm sahələrindən biri olan elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətlidir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, LCD monitorun əsas yaradıcılarından olan professor Xəlil Kələntərlə görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Kommunikasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyevin sözlərinə görə, hazırda ixtisaslaşmış jurnalistikaya böyük ehtiyac var:

"Elmi biliyin fəlsəfi mahiyyəti, sosial təyinatı və əhəmiyyətini düzgün anlayan, cəmiyyətlə elm adamları arasında əlaqə yaradan peşəkar ixtisaslaşmış jurnalistlərin hazırlanmasına böyük ehtiyac vardır. Bu istiqamətdə zəruri biliklərin öyrədilməsi məqsədilə xüsusi fakültələr və ixtisaslar yaradılmalıdır”, – akademik bildirib.

R.Əliquliyev hesab edir ki, elmi məqalə və xəbərlərin populyar dildə hazırlanmasında jurnalistlərin üzərinə çox böyük vəzifə düşür.
Akademik qeyd edib ki, Xəlil Kələntərin Azərbaycanı Yaponiyada layiqincə təmsil edir, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bütün dünyada təbliği ilə məşğul olur və elmi nailiyyətləri ilə ölkəmizin qürur mənbəyinə çevrilib.

Sonra çıxış edən professor Xəlil Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranlarının yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində 3 kitabın, 130-dan artıq elmi məqalənin müəllifi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dünyada ilk dəfə olaraq, məişətimizə daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarını yaratmış, dünyanın aparıcı universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.

40 ilə yaxın Yaponiyada fəaliyyət göstərən alim 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışdığını bildirib, dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratdığını söyləyib. Əlavə edib ki, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. “SID” üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “SID” Cəmiyyəti proqram komitəsinin üzvüdür. Bundan əlavə, “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru kimi fəaliyyət göstərir və displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsində də təmsil olunur.

Qeyd edək ki, X.Kələntər həm də Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü, Yaponiyanın “Global Optical Solutions” (Beynəlxalq Optik Həllər) şirkətinin baş tədqiqatçısı, elektronika mühəndisi, fizika elmləri doktorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR