Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulmasına başlanılıb - VİDEO/FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 156 kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun yenidən qurulması işlərinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Məlumata görə 22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.

Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altındaİnşaat Norma və Qaydaları”na əsasən texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış məntəqəsinin 16 min nəfər əhalisinin əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemi sona çatdıracaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR