Sabahdan regionun ən böyük tədbiri​ başlayır -

Sabahdan - mayın 26-dan 29-dək Bakıda "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Regionun ən böyük tədbirinə ümumilikdə 200 mindən çox ziyarətçinin iştirakı proqnozlaşdırılır.

Bəs "TEKNOFEST-Azərbaycan" bizə nə qazandıracaq?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a bildirdi ki, bu festival Azərbaycanın innotiv imicini daha da gücləndirəcək:

"Tədbirin əsas əhəmiyyətlərindən biri onun güclü və xüsusi texnologiyalara olan marağın artırılmasıdır. Bu festival Azərbaycanda texnologiya və yeni innovasiyalara həddən nartıq böyük maraq yaradacaq. Hətta deyərdim ki, tədbirlə bağlı artıq keçirilən kampaniyalar belə insanlarda müəyyən maraq oyadıb.

Bundan başqa, regionun ən mötəbər tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Azərbaycanın innovativ imicini daha da gücləndirəcək. Bu, çox vacib məsələdir. Azərbaycan regionda uzun müddətdir ki, öz texnoloji imicini qoruyub saxlayır və aparıcı ölkələrdən biridir. Ölkəmizin innovativ məhsulları dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. "TEKNOFEST-Azərbaycan"ın baş tutması xəbərləri də bir çox dünya mediasında yer alacaq və belə bir tədbirin ölkəmizdə keçiriləcəyindən dünyada xəbərdar olacaqlar".

Hər hansı bir ekosistem özünə bağlı olaraq inkişaf edə bilməz. Əgər biz yalnız Azərbaycan təcrübəsini öyrənsək və ya daxildə rəqabət aparsaq, çox inkişaf edə bilmərik. Əsas məqsədimiz inkişafın açıq ekosistem üzərində qurulmasıdır. Həmişə qlobal təcrübə öyrənilməli və müqayisə edilməlidir. Buna görə də, ən azı müxtəlif İT şirkətləri həmin festivalda özlərini aparıcı şirkətlərlə müqayisə etsələr və müəyyən mənada işbirlikləri qura biləsələr, bunun İT sahəmizə böyük təsiri olacaqdır".

Fərid Kazımov

Ekspert düşünür ki, "TEKNOFEST-Azərbaycan"nın oyatdığı maraqdan sonra gənclərin İT sahəsinə axını artacaq:

"Azərbaycanda hazırda İT peşələrə böyük bir maraq vardır. Buna səbəb isə keçən ildən başlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycanda İT peşələr üzrə təqaüdlər təşkil edərək bu prosesə gəncləri cəlb etməsidir. İT sahəsində təhsil almaq istəyənlərə nazirliyin xətti ilə təqaüd verilir. Bununla da gənclər bir çox prestijli peşələrə yiyələnirlər. Məhz elə belə təbirlərin olması bu sahədən kənarda olanlara, motivasiyasız olan adamlara təkanverici stimul olacaq.

Əminəm ki, festivaldan sonra yaxın müddətdə bizim təlim şirkətlərimizə İT sahəsində tələbələrin, gənclərin axını artacaq. Bizim yaxın hədəflərimizdən biri də özünü bu sahədə görmək istəyənlərin potensialının artırılmasıdır.

Həmçinin qeyd edim ki, festivalda Azərbaycan startapçıları özlərini xaricilərlə müqayisə edəcəklər. Hər bir startapçı məhsullarındakı mənfi və müsbət tərəflərini görəcək. Bu, çox önəmlidir. Əgər açıq ekosistem olmasa, bizim inkişafımız yetərincə olmayacaq. Gələcəkdə daha qiymətli startapların yaradılması üçün bu tədbirlər çox vacibdir".

Qeyd edək ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və indiyədək 4 dəfə təşkil olunub.

“TEKNOFEST Azərbaycan” Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Gülər Seymurqızı / METBUAT.AZ

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR