Hitlerdən sonra Olaf Şolts da bu addımı atdı:

Geosiyasi proseslər gündən-günə daha da aqressiv bir motivə bürünür. Beynəlxalq konyunkturanın sürətli silahlanma dövrünə qədəm qoyması və böyük güclər arasında balansın sürətlə dəyişməsi də bunu təsdiqləyir.

Metbuat.az xəbər verir ki, Almaniya hökuməti və parlamentin başlıca siyasi partiyaları ordunun təkmilləşdirilməsi məqsədilə 107 milyard dollarlıq maliyyə paketinin ayrılması barədə razılıq əldə ediblər. Vəsaitin 43 milyard dolları hərbi hava qüvvələrinə, 23 milyard dolları hərbi donanmaya, 20 milyard dolları isə quru qoşunlarına ayrılması nəzərdə tutulub. Almaniya kansleri Olaf Şolts deyib ki, maliyyə paketinin qəbulunda əsas məqsəd Almaniya Ordusunu NATO-nun Avropadakı ən böyük ordusuna çevirməkdir.

Siyasi şərhçi Turan Rzayev Metbuat.az-a bildirib ki, Şoltsun tək məqsədi bu deyil.

“Məsələ ondadır ki, hazırda Fransa Ordusu NATO-nun Avropadakı ən böyük ordusu hesab olunur. Almaniya Fransadan geri qalmaq istəmir. Ümumiyyətlə, Almaniya Avropanın iqtisadi yükünü daşımaq istəmir. Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Almaniyanın da bənzər qərar verməsi gözlənilirdi. Rəsmi Berlin hələlik bu istiqamətdə qərar verməsə də, gec-tez bu baş verə bilər. İndiki məqamda 107 milyard dollarlıq maliyyə paketinin ayrılması kifayət deyil. Hökumətin maliyyə paketini qəbul etmək üçün Almaniya konstitusiyasında dəyişikliyə ehtiyac var. Bu dəyişiklik üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir”.

Politoloq deyir ki, Şolts buna nail ola bilsə, o, alman fürreri Adolf Hitlerdən sonra bir ilkə imza atacaq.

“Birinci Dünya müharibəsində məğlub olan alman imperiyası “Versal” sülhü ilə ağır şərtlər imzalamağa məcbur oldu. "Versal müqaviləsi" Almaniyanın hərbi münaqişəni yenidən başlamasına maneçilik törətmək üçün onun silahsızlanmasına yönələn tələbləri də özündə ehtiva edirdi. Almaniya ordusu əhəmiyyətli dərəcədə 100 min nəfərə qədər azaldıldı. Hitler hakimiyyətə gəldikdən sonra 1933-cü il dekabrın 18-də "Versal müqaviləsi"nin bütün hərbi müddəalarını ləğv edərək alman ordusunun sayını artırmağa başladı. Kansler Olaf Şolts isə öz addımı ilə İkinci Dünya müharibəsi sonrası Almaniya ordusunun azaldılan say tərkibini yenidən artırmağı hədəfləyir. Rəsmi Berlin yeni hərbi büdcə ilə ABŞ-dan 35 ədəd F-35 qırıcısı sifariş etmək istəyir. Quru qoşunlarına da təxminən 20 milyard dollar ayrılması nəzərdə tutulur. Ayrılan vəsaitlə quru qoşunlarının hərbi-texniki təchizatı və zirehli texnikalar yenilənəcək. Alman hərbi donanmasına ayrılacaq 23 milyard dolların böyük hissəsi isə yeni döyüş gəmiləri və sualtı qayıqların alınmasına sərf olunacaq”.

Turan Rzayev qeyd etdi ki, rəsmi Berlin istər birinci dünya müharibəsi, istərsə də ikinci dünya müharibəsi öncəsi donanma xərclərini artırıb. Görünür, kansler Şolts da sələflərindən geri qalmır. Nəticə etibarilə konstitusiya dəyişikliyi ilə bağlı layihənin yayda parlamentdən keçməsi gözlənilir. Almaniya buna nail ola bilsə, həm Avropa liderliyi, həm də dünya supergüc olmaq yolunda mühüm irəliləyiş əldə edəcək.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR