Xarab dişlər insanda hansı xəstəliklərin yaranmasına səbəb ola bilər?

"Kariyes çox təhlükəli xəstəlikdir".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti stomatoloq İlqar Qacarov deyib.

Onun sözlərinə görə, diş əti xəstəlikləri diş ətinin və dişi əhatə edən toxumaların iltihabıdır:

"Diş ətinin iltihabı gingivit adlanır. Xəstəliyin tipik əlaməti dişətinin rənginin tünd-qırmızımtıl olması, dişətinin həcmcə böyük olması və dişətinin qanamasıdır. Ağız gigiyenasına düzgün və müntəzəm qulluq edilmədikdə dişlərin səthində yığılan bakteriyaların diş əti altına keçərək diş ətini iltihablaşmasına səbəb olur. Diş əti xəstəliyinin ilkin mərhələsində yumşaq diş fırçası ilə dişləri ehtiyyatla fırçalamaq, diş saplarından istifadə etmək lazımdır. Xəstəlik əgər müalicə edilməzsə, dişətinin altında və üstündə diş daşları əmələ gəlir".

Stomatoloq bildirib ki, ortodontik problemlər daha çox 9-12 yaşlarında qeydə alınır:

"Ortodontik problemlər dedikdə diş-çənə anomaliyaları nəzərdə tutulur və əsasən 9-12 yaşlarda, süd dişlərinin daimi dişlərlə əvəz olunması zamanı yaranmağa başlayır. Problemin yaranma səbəbi əsasən süd dişlərin vaxtından əvvəl itirilməsidir. Bəzən isə irsi faktorlar, zərərli vərdişlər (körpə vaxtı barmaq əmmə vərdişi, qələm dişləmə, dırnaq yemə, əmzikdən uzunmüddətli istifadə etmək), ağız tənəffüsü (ağız tənəffüsü vəziyyəti olduqda zaman keçdikcə çənə sümükləri düzgün inkişaf etmir və dişlərdə ortodontik problemlər yaranır), dar çənə (inkişaf müddətində çənə dar quruluşda olduğu üçün dişlər üst-üstə çıxır) də ortodontik problemlər yaradanlar səbəblər arasındadır. Müalicəni erkən yaşlarda aparılması daha vacibdir. Dişlər və çənə sümüyü inkişafda olduğu üçün bu yaşda müalicə ilə tez nəticə əldə etmək mümkündür. Unutmayaq ki, müalicədən öncə diqqət yetirilməli məqamlar var. Belə ki, ortodontik müalicəyə başlamazdan əvvəl mütləq dişlərin təmizliyinə fikir verilməli, diş daşları mütləq təmizlənməli, kariyeslər varsa, müalicə olunmalıdır. Bundan əlavə, ortodontik müalicədə breketlərdən, plastinkalardan, ağız xarici aparatlardan, kappalardan istifadə olunur. Müalicə müraciət edənin yaşından, ağız təmizliyindən, problemin ağırlığından asılı olaraq 6 ay ilə 3 il arasında davam edə bilər".

Mütəxəssis qeyd edib ki, dişdə kriyes bakteriyaların dişlərin sümük toxumasını zədələməsi nəticəsində əmələ gəlir. Bu xəstəliyin profilaktikası üçün bir sıra qaydalara əməl etmək lazımdı:

"Ağız boşluğunun təmizliyinə diqqət etmək (dişləri ən az 2 dəfə səhər və axşam yeməkdən sonra diş fırçası ilə təmizləmək lazımdır) Şokolad, karbohidrat tərkibli məhsullar, şirniyyatları daha az qəbul etmək. Ağız boşluğunu antiseptik tərkibli məhlullarla tez-tez qarqara etmək. Müntəzəm stomatoloq müayinəsindən keçmək önəmlidir.

Kariyes çox təhlükəli xəstəlikdir. O təkcə dişlərin vaxtından tez itirilməsinə səbəb olmur. Ağız-udlağ, daxili orqanlar və periodontun iltihabı, osteomielit (çənə sümüyünün iltihabına) kimi xəstəliklər kariyes sayəsində yaranır. Bunun üçün kariyesli dişləri vaxtında müalicə etmək lazımdır".

Stomatoloq İlqar Qacarov bildirib ki, bəzən dişlərin müalicəsində cərrahiyyə həyata keçirilir:

"Diş və ağız boşluğunda bir sıra stomatoloji cərrahiyyələr həyata keçirilir. Bunlar adətən retension dişlər: bu dişlər diş əti altında qalır və digər dişlərə təzyiq göstərir, ağıl dişlər: 17-25 yaş arasında çıxmağa başlayır. Dişlər düzgün sıralamada çıxmırsa yəni, çənə sümüyünə bitişik və ya əyri formada çıxarsa, bu dişlər cərrahi əməliyyatla çıxarılmalıdır. Kista və abseslərin müalicəsi zamanı cərrahi prosedur həyata keçirilir, sümük auqmentasiyası zamanı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR