"RİA Novosti"nin Azərbaycanda bloklanması beynəlxalq prinsiplərə uyğundur - Müşfiq Ələsgərli

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisindən Rusiyanın "RİA Novosti" agentliyinə giriş bloklanıb. Buna səbəb, sözügedən agentliyin özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə alaraq yayımlaması olub. Maraqlıdır ki, bu ilin aprel ayında Rusiya ərazisində Azərbaycanın 4 rusdilli KİV-lərinin yayımlanması bloklanmışdı. Belə qarşlıqlı bloklama prosesi hansı mərhələyə qədər davam edə bilər və bu, beynəlxalq prinsiplərə uyğundurmu?

Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Metbuat.az-a açıqlamasında qeyd edib ki, Rusiya ərazisində Azərbaycanın rusdilli KİV-lərinin bloklanması ilə Azərbaycan ərazisində Rusiyanın "RİA Novosti" agentliyinin bloklanması arasında fərqlilik mövcuddur: “Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində, eyni zamanda, digər beynəlxalq konvensiyalarda KİV-in fəaliyyətini məhdudlaşdırmaq üçün əsas ola biləcək prinsiplər sadalanıb. Məsələ ondadır ki, Azərbaycan KİV-ləri, hanasılar ki, Rusiya ərazisində bloklanıblar, onların heç biri qeyd etdiyimiz beynəlxalq konvensiyalara zidd hərəkət etməyiblər. Azərbaycan KİV-ləri Rusiya ərazisində təqxribata səbəb olacaq hər hansı bir informasiya yayımlamayıblar. Orada etnik separatizmi, ərazi bölücülüyünü təşviq edəb heç bir material yayımlamayıblar. Yəni, Azərbaycan KİV-ləri nəinki Rusiya, ümumilikdə heç bir ölkəyə münasibətdə beynəlxalq prinsipləri pozan hallara yol verməyiblər. Bu baxımdan Rusiyanın Azərbaycan KİV-lərinin fəaliyyətini bloklaması anlaşılmazdır, beynəlxalq prinsiplərə ziddir. Rusiyanın KİV-lərində, o cümlədən,"RİA Novosti" agentliyinin fəaliyyətində isə, beynəlxalq konvensiyaların tələbləri pozulub. Rusiya kütləvi informasiya vasitələri tərəfindən Azərbaycana qarşı təxribatlar uzunmüddətdir davam edir. İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı zamanda isə bu təxribatlar xüsusilə intensivləşib. Onlar azərbaycanda etnik separatizmi, ərazi bölücülüyünü təşviq edirlər. Belə fəaliyyət isə nəinki Azərbaycan qanunları ilə, həm də beynəlxalq sənədlərlə qadağan edilir. "RİA Novosti" agentliyində qondarma qurumun qondarma naziri ilə müsahibə də bu xarakterdədir. Bu baxımdan Azərbaycanın "RİA Novosti" agentliyinin fəaliyyətinin yayımını öz ərazisində məhdudlaşdırılması tamamilə qanunidir, beynəlxalq prinsiplərə uyğundur”.

Bu kontekstdə digər bir məqam ondan ibarətdir ki, Rusiya KİV-lərində Azərbaycan əleyhinə təxribatlar uzun müddət davam etsə də, rəsmi Bakının bu təxribatlara qarşı yanaşması təmkinli olub. Kəskin addımlar nə üçün məhz indiki məqamda atılır?

Müşfiq Ələsgərli deyir ki, bunun bir sıra ciddi səbəbləri vardır: “Rusiya ərazisində ermənilərin güclü diaspor təşkilatlara mövcuddur və onların Rusiya ərazisindəki KİV-lərə təsirləri böyükdür. Onlar həm özləri Rusiya ərazisində KİV-lər təsis edirlər, həm də Rusiyanın aparıcı KİV qurumlarında çalışaraq onlara təsir edə bilirlər. Bildiyim qədər, Rusiya ərazisində erməni diasporuna məxsus olan və ya erməni diasporunun təsir göstərə bildirləri KİV qurumlarının sayı 140-dan çoxdur. Rusiyanın məşhur transmilli KİV qurumlarında, o cümlədən “Russia Today”in rəhbərliyində ikinci şəxs erməni mənşəlidir, Marqarita Simonyandır. Simonyan “Sputnik” informasiya agentliyində də əsas söz sahibidir. Biz bu siyahını artıra bilərik. Məsələn, media maqnatı Aram Qabrelyan Rusiyanın ən böyük KİV sahiblərindəndir. Onun da çox sayda KİV-ləri var. Məsələ ondadır ki, Rusiya KİV-ləri tərəfindən Azərbaycana qarşı törədilən təxribatların əksəriyyəti də məhz ermənilərin rəhbərlik etdiyi və ya çalışdıqları KİV qurumları tərəfindən törədilir. Müəyyən etmək çətindir ki, bütün bunlar Rusiyada yaşayan erməni diasporunun, erməni şəbəkəsinin özfəaliyyətidir, yoxsa Rusiyada ümumi siyasətin göstəricisidir? Məsələnin sona qədər araşdırılmasına, təmkinlə davranmağa, soyuqqanlı qərarlar verməyə ehtiyac var. Azərbaycan da məhz belə davranır”.

Müşfiq Ələsgərli vurğuladı ki, ermənilər öz maraqlarını Rusiya adından realizə etsələr də, Azərbaycan tərəfi məsələnin araşdırılması, kökünün tapılması üçün səriştəli addımlar atır, Rusiya tərəfinə bu sahədə düzgün addımlar atmaq üçün şans verir. Əgər qarşı tərəf bu şansı dəyərləndirmirsə, onda kəskin addımlar atır: “Azərbaycan kifayət qədər beynəlxalq standartlara uyğun davranır, qanuni prosedurları keçir. Əvvəlcə Rusiyanın media ictimaiyyətinə, o cümlədən, bu təxribatları törədən kütləvi informasiya vasitələrinə, paralel olaraq, Rusiya ictimaiyyətinə müraciətlər edərək, xətaların düzəldilməsini istəyib. Yəni, şans verib ki, Rusiyanın müvafiq qurumları məsələni araşdırsınlar, problemin haradan qaynaqlandığını müəyyənləşdirsinlər. Əgər onlar bu təxribatları aradan qaldırmırlarsa, onda hər kəs bilir ki, günah kimdədir. Bundan sonra Azərbaycan istədiyi kəskin addımları atır. “Ria Novosti” və “Sputnik” agentlikləri ilə bağlı addımlar bu qəbildəndir. Hesab edirik ki, Azərbaycanın mərhələli və səriştəli addımlar atması daha məqbuldur. İndi "RİA Novosti" agentliyinin fəaliyyəti bloklanıb. Amma buna görə heç kim Azərbaycanı qınamır. Çünki Azərbaycan bu məsələni yetişdirə-yetişdirə, mərhələli formada, beynəlxalq prinsiplərə uyğun şəkildə həyata keçirib”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR