"Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanla sülh müqaviləsini tezləşdirəcək" - Politoloq RƏYİ

Məlum olduğu kimi, NATO-nun Madrid sammitindən sonra Rusiya Qərb üçün əsas təhdidedici ölkə kimi qəbul edildi. Əldə olunan razılığa görə, Moskvanın məğlub olması üçün Qərb koalisiyası Ukraynaya bütün növ silahların verilməsini həyata keçirəcək.

Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ukraynaya verilən silah partiyaları Rusiyanın döyüş meydanında ciddi itkilər verməsi ilə nəticələnəcək. Siyasi analitikin fikrincə bu vəziyyət Ukrayna ordusunda yüksək ruh və psixoloji üstünlük qazandıracaq.


"Müharibənin davam etməsi üçün mütləq şəkildə ordunun döyüş qabiliyyətinin qorunması üçün psixoloji vəziyyəti üstün olmalıdır. Artıq Herson istiqamətində Ukrayna ordusu əks-hücuma keçərək üstünlüyü ələ alıb. Donbasda Rusiya mümkün irəliləyişə nail olsa da bu istiqamətdə ukraynalıların növbəti aydan əks-hücumlar baş verməsi gözlənilir".

Politoloqun fikrincə Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi və indiki status-kvo ilə danışıqlar masasına oturması Moskvanın beynəlxalq təsir qüvvəsinə çevrilməsinə gətirə bilər. Müsahibimiz söylədi ki, müharibənin davam etməsi və hər hansı bir danışıqların baş tutması yaxın perspektivdə mümkün görünmür.

"Avqust ayında Ukraynaya verilən silahlar və yeni döyüş birliklərinin yaradılması nəticəsində Ukrayna ordusunun əks-hücumları istisna deyil. Rusiya ordusuna gəldikdə isə əvvəlki aylara nisbətən öz döyüş qabiliyyətini bərpa etsə də, məğlubiyyəti qaçılmaz olacaq. Qərbin mövqeyində dəyişikliklər baş verməsə Rusiya zəifləyəcək. Ötən əsrdə beynəlxalq nizamın formalaşması üçün iki dünya müharibəsi baş verdi. Yeni münasibətlər sisteminin formalaşması və dünya siyasi nizami dəyişir. ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiyanın yaratmaq istədiyi dünya nizamına imkan tanımayacaq. Rusiyanın strateji cəhətdən Ukraynada məğlubiyyəti Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına şərait yaradacaq".

M.Əsədullazadə qeyd etdi ki, Rusiyanın Azərbaycanla son günlərdə siyasi əlaqələrdə müsbət dinamikanın olması heç də Kremlin ölkəmizlə normal münasibətlər sistemi qurmaq planı deyil. Bu regionda Türkiyənin zəiflədilməsi və Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılım siyasətinin qarşısını almaq məqsədi daşıyır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR