Azərbaycanda fındıq qalıqlarından bioenerji alınması üçün münbit şərait mövcuddur -

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi (HAZER)” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər çərçivəsində fındıq dəyər zəncirində davamlı bioenerji variantlarının qiymətləndirilməsi fəaliyyətinin ilkin nəticələri təqdim olunub.

Bu barədə Metbuat.az-a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mətbuat xidmətindən xəbər verilib.

“Bioenerji və fındıq dəyər zəncirinin qarşılıqlı əlaqəsi və potensial imkanları üzrə nəticələr” mövzusu çərçivəsində baş tutan tədbirdə aparılmış araşdırmanın nəticələri təqdim olunub.

Araşdırmalar layihənin beynəlxalq və yerli ekspertlərinin iştirakı ilə həyata keçirilib.

Hesabata əsasən bildirilir ki, bioenerji istehsalı üçün səfərbər edilə biləcək fındıq qabıqları və budama qalıqlarının xeyli hissəsi hazırda məhsuldar istifadə olunmur və bu prosesin inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur. Həmçinin, hesabatda, Azərbaycanın bir neçə bölgəsində (Zaqatala, Şəki, Xaçmaz, Balakən, Qəbələ, Qax, İsmayıllı) hazırda mövcud olan və əkiləcək sahələrdən alınan fındıq məhsullarından yaranan qalıqların növbəti 5 ildə artacağı proqnozlaşdırılır. 2026-cı ildə fındıq budamasından alınan qalıqların illik 35 784 tondan 45 866 tona, yaranacaq fındıq qərzəyinin müvafiq olaraq illik 41 875 tondan 70 704 tona və fındıq qabığının 7 466 tondan 13 132 tona çatacağı proqnozlaşdırılır. Hesabatın ilkin nəticələri əsasında əldə olunan məlumatlar maraqlı tərəflərə təqdim olunub və alına biləcək bioenerjinin iqtisadi potensialı və sosial-iqtisadi faydaları daha ətraflı müzakirə olunacaqdır. Təhlilin yekun nəticələri bu ilin sonunda milli maraqlı tərəflərə təqdim olunacaq.

Layihənin sözügedən komponenti çərçivəsində “FAO-nun Bioenerji və Ərzaq Təhlükəsizliyi Metodologiyası (BEFS)” mövzusunda 2 günlük təlimlər də baş tutub. Bu yanaşma bioenerji siyasətinin hazırlanması və həyata keçirilməsi prosesinin əsas mərhələlərində ölkələrə dəstək olmaq üçün müxtəlif vasitə, alət və təlimatlardan ibarətdir. Ölkələr bioenerjinin inkişaf səviyyəsindən və bioenerji siyasətinin formalaşdırılması və icrasının vəziyyətindən asılı olaraq BEFS yanaşmasının xüsusi komponentlərindən istifadə edə bilərlər. Təlimlərdə özəl və dövlət sektorunu təmsil edən nümayəndələrin iştirakı ilə fındıq dəyər zəncirində davamlı bioenerji məsələləri də müzakirə olunub.

Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR