Qəzadan sonra hadisə yerindən qaçan sürücünü hansı cəza gözləyir? -

Demək olar ki, hər gün qəza xəbərləri oxuyuruq. "Piyada hadisə yerində vəfat etdi", "sürücü qəzada həlak oldu" , "ölənlər və yaralananlar içərisində sərnişinlər" də var kimi başlıqlar qədər "sürücü qəza törətdikdən sonra hadisə yerindən qaçdı" xəbər başlıqları da olduqca çoxdur.

Bəs qəza baş verdikdən sonra hadisə yerindən qaçan sürücünü hansı cəza gözləyir?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:

"Yol-nəqliyyat hadisələri zamanı sürücülər nə etməli olduqlarını bilməlidir. Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil. Yəni prosesual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması ilə məhkəmənin məsuliyyətində olan hal yaranır və inzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur".


Araz Əsgərli

Araz Əsgərlinin sözlərinə görə, hadisə maddi ziyanla bitibsə və bu halda sürücü həmin ərazidən yayınırsa, İXM-nin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir:

"Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirsin, sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçün müvafiq sənədlər sığortaya vaxtında təqdim olunsun. Onu da qeyd edim ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasında imtinaya əsas kimi qiymətləndirilə bilər. Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər.

"Yol hərəkəti haqqında" qanununumuzun 37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş verən hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yardıma çatdırmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir.

Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi, qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi, aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!"

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR